Ali Məhkəmənin Plenumu 23 aprel iclasında Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işləri üzrə qərarlar verib. Hər iki şəxs bəraət alıb.
Qərarlara əsasən, dövlət İlqar Məmmədova 234 min manat, Rəsul Cəfərova 57 min 400 manat mənəvi təzminat ödəməlidir. İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. 2018-ci il avqustun 13-də o, azadlığa buraxılıb və cəzasının qalan hissəsinin 2 il sınaq müddəti tətbiq olunmaqla şərti sayılmasına qərar verilib. 2019-cu il martın 28-də İlqar Məmmədov haqqında çıxarılmış 7 il azadlıqdan məhrumetmə cəzası 5 il 6 ay 9 günə endirilib, nəticədə İlqar Məmmədovun üzərindəki şərti həbs cəzasına son qoyulub.
İnsan Haqları Klubunun sədri olan Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. 2015-ci il aprelin 16-da o, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və mənimsəmədə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə vergi borcunu ödədiyi üçün 2015-ci il iyulun 31-də Rəsul Cəfərovun cəzası 6 il 3 aya endirilib. 2016-cı il martın 17-də hüquq müdafiəçisi prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. Qeyd edək ki, bəraət və maddi təzminat verilən hər iki şəxs qatı müxalifətçi mövqeyi ilə tanınır. Bir müddət əvvəl ölkə başçısı çıxışlarında ölkəmizdə iqtidarla müxalifət arasında yeni münasibətlərin formalaşmasının zərurətindən danışmışdı. Bu xüsusda qeyd edilmişdi ki, ölkəmizdə siyasi münasibətlər sistemində yeni konfiqurasiya formalaşır. Bunun ardınca biz bir sıra addımların atıldığını görürük. Parlamentdə təmsil olunan müxalif partiyaların nümayəndələri komissiyaların rəhbərliyinə təyin olundu. Qanunverici orqanın rəhbərliyində olan vitse-spikerlərdən biri müxalifət təmsilçisidir. Sonra ölkədə fəaliyyət göstərən iki müxalifyönümlü partiya dövlət qeydiyyatına alındı. Cərəyan edən bu hadisələrin fonunda qatı müxalifətçilərə bəraət və maddi təzminatın verilməsi hakimiyyətin yeni siyasi konfiqurasiya kursunda növbəti element sayıla bilərmi?
Elşad Musayev: “Obyektivlik naminə qeyd etmək lazımdır ki, Ali Məhkəmənin timsalında hakimiyyətin atdığı bu addım müsbət qiymətləndirilməlidir”
Müxalifyönümlü Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, bu addımları normal qəbul etmək lazımdır:“Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyasının qeydə alınmasından sonra hakimiyyətin müxalifətə yönəlik daha bir addımının şahidi olduq. Ali Məhkəmənin Plenumu İlqar Məmmədov haqqında əvvəlki məhkəmə hökmlərini ləğv edib və ona bəraət verib. Eyni zamanda 234 min manat məbləğində mənəvi təzminat təyin edib. Qeyd olunur ki, ReAl partiyası bunu iqtidarın müxalifətə dialoq təşəbbüsü kimi qiymətləndirib. Fərqli, ittihamedici mövqelər də var. Əslində vəziyyət necədir? Ali Məhkəmə ilk dəfədir ki, belə vacib qərar qəbul etməklə əvvəlki məhkəmə hökmlərinin səhv olduğunu etiraf edir. Obyektivlik naminə qeyd etmək lazımdır ki, Ali Məhkəmənin timsalında hakimiyyətin atdığı bu addım müsbət qiymətləndirilməlidir. Biz illərlə demişik ki, məhkəmələrdə müxalifətçilərə, müstəqil media təmsilçilərinə qarşı qəbul olunmuş yanlış məhkəmə hökmləri ləğv olunub bəraətlə əvəz olunsun. İndiki halda bəraət verilib, bunun nəyi pisdir? Əgər Ali Məhkəmənin Plenumu əvvəlki məhkəmə hökmlərini qüvvədə saxlasa nə olacaqdı? Bu, presedent kimi yaxşıdır və çalışmalıyıq ki, bu cür qərarlar daha çox adama tətbiq olunsun. Məhkəmələr doğrudan da ədalət mühakiməsini həyata keçirsinlər, qanunsuz, ədalətsiz qərarlar, hökmlər verməsinlər. İqtidar-müxalifət mübarizəsi məhkəmə, həbsxana müstəvisində deyil, seçki müstəvisində olsun. Şəxsi münasibətlərimizdən, ideoloji mövqemizdən asılı olmayaraq istənilən şəxsə, xüsusən də müxalifət və media təmsilçilərinə yönəlik verilən bəraət hökmlərini məqbul hesab etməklə, belə addımların davam etməsini arzulayıram”.
Məhəmmədəli QƏRİBLİ