“Hər il 24 apreldə soyqırım lobbisi və Türkiyə əleyhdarı siyasi dairələr tarixi həqiqətləri təhrif edərək ölkəmizə qarşı qondarma “soyqırım” iddiasını dilə gətirməkdə, I Dünya müharibəsinin ağır şərtlərində erməni dəstələrinin fəaliyyətlərinə görə alınan məcburi köç qərarını soyqırım olaraq xarakterizə etməkdədirlər”.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Türkiyə Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan 24 aprel tarixi və ermənilərin Türkiyəyə qarşı qondarma “soyqırım” iddialarına münasibət bildirərkən deyib.
H.Altınalan bildirib ki, tarixləri qara ləkələrlə dolu olan və Xocalıda bir gecədə 613 azərbaycanlı qardaşımızı məhv edən ermənilərin havadarları da bilir ki, Türkiyə keçmişində ləkə olmayan bir ölkədir:”Bu iddialar tamamilə siyasi xarakter daşıyır. Məqsədləri həqiqətə nail olmaq deyil. Türkiyənin bu məsələdə ən kiçik bir narahatlığı belə olmadığı üçün bütün arxivlərini açıb. Ancaq ermənilər arxivlərini açmır. Ermənilər həqiqətlərin ortaya çıxmasından qorxduqları üçün arxivlərini açmırlar. Həqiqətlər ortaya çıxdığı təqdirdə, yalanları ilə beynəlxalq ictimaiyyəti aldada bilməyəcəklər. Qorxurlar, çünki arxivlərdə iddia etdiklərinin əksinə, hadisələrin necə meydana gəldiyini, məcburi köçə nə üçün məruz qaldıqlarını, belə bir vəziyyətdə hər bir ölkənin məcburi köç qərarı alacağı həqiqətinin ortaya çıxmasını istəmirlər”.
Müşavirin sözlərinə görə, onlar da bilir ki, tarixi faktlara görə, 1914-cü ildə erməni komitələrinin Türkiyədəki şöbələrinə rus ordusu sərhəd boyunca irəliləməyə başladığında üsyan çıxarmaq, türk ordusunu iki od arasında qoymaq, dövlət binalarını bombalamaq və ərzaq anbarlarına təxribatlar təşkil etmək təlimatı verilmişdi:”Həmçinin, türk ordusu hücuma keçdiyində erməni əsgərlərinə birliklərindən qaçaraq rus ordusuna qoşulmaq, türk birliklərinin arxa cəbhələrinə zərər vermək və ölkə içində müxtəlif iğtişaşlar törətmək üçün dəstələr qurmaq təlimatı verilmişdi.
Müharibə başlayan kimi şərq cəbhəsində hadisələr qeyd edildiyi kimi baş vermiş, səfərbərliyin elan edildiyi 1914-cü ilin avqust ayının 3-dən etibarən ermənilər ordudan qaçmağa başlamış, türk əsgərlərinə qarşı silahlı hücumlar təşkil etmiş və Rusiyaya köç edərək dəstələrə qoşulmuşdular. 1914-cü ilin noyabr ayının 1-də rus ordusunun şərq vilayətlərimizə etdiyi hücumdan sonra bir çox şəhərlərdə üsyanlar başlamışdı. Osmanlı hökuməti, xüsusilə də Van üsyanı başlayanadək bəzi kiçik tədbirlər almaqla erməni dəstələrinin fəaliyyətinin qarşısını almağa çalışıb. Lakin Osmanlı hökumətinin xoş niyyətlə və kiçik tədbirlərlə məsələni həll etməyə cəhd etməsinin bir faydası olmayıb, üsyanın və ermənilərin qəsəbə və kəndlərdə uşaq, qadın, yaşlı demədən mülki əhalini öldürməsinin qarşısını ala bilməməsi nəticəsində köç qərarı qəbul edilib.
Belə bir vəziyyətdə bir dövlət bu tədbirlərlə qanuni müdafiə və suveren hüququndan istifadə edib. Bunların ortaya çıxmasını istəmirlər. Ermənilərə tətbiq olunan məcburi köç siyasətinin bütün aspektlərdən haqlı bir qərar olduğunun görülməsini istəmirlər. Köç qərarı düzgün verilmiş bir qərardır. Bu gün olsa, yenə eyni qərar verilər və tətbiq olunar. Erməni dəstələri bir çox bölgədə üsyan qaldırıb, terror hadisələri, qırğınlar törədib, Osmanlı hökuməti isə sakit münasibətini qoruyub”.
Türkiyəli müşavir deyib ki, bu da bir gerçəkdir ki, ermənilərin yerlərini dəyişdirmək onları məhv etmək deyil, dövlətin təhlükəsizliyini qorumaq məqsədi daşıyıb:”Məqsədi insan hüquqları və ya həqiqət olan hər bir ölkə keçmişi qurdalayıb yalanlarla bir şey əldə etməyi bir kənara qoyub, günümüzdə belə Azərbaycan torpaqlarının 20 faizini işğal altında tutan ermənilərdən həm bu işğalın, həm də Xocalıda həyata keçirdikləri vəhşiliklərlə dolu soyqırımın hesabını sormalıdır. Bunları gündəmə gətirməlidir”.