Koronavirus pandemiyası çoxsaylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, səhiyyə və sosial problemlərlə də baş-başa qoyub. Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarırlar.
Ancaq sevindirici haldır ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də, müsbət mənada, digər dövlətlərdən fərqlənir.
Prezident İlham Əliyevin koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində gördüyü tədbirlər, verdiyi qərar və göstərişlər vətəndaşlar tərəfindən razılıqla, böyük rəğbətlə qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə ölkənin müxtəlif bölgələrindən dövlət başçısının ünvanına minnətdarlıq məktubları gəlməkdə davam edir. Müşahidələr göstərir ki, sözügedən dəstək məktubları cəmiyyətin müxtəlif təbəqələrindən gəlir. Sadə insanlarla yanaşı, dini icmaların rəhbərləri, partiya sədrləri bu mövzuda yazaraq, ölkə başçısına təşəkkür edirlər. Bütün bunları Prezidentin siyasətinə Fəal İctimai Dəstək hərəkatının yeni mərhələsinin formalaşması prosesi kimi qəbul etmək olarmı?
“Hesab edirəm ki, bu çox önəmli və dövlətimiz, xalqımız üçün uğurlu bir prosesdir”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bütün bunları Prezidentin siyasətinə güclü ictimai dəstəyin yeni mərhələsinin formalaşması kimi qəbul etmək olar: “Ortada ciddi bir gerçəklik var. Gerçəklik ondan ibarətdir ki, ölkə ictimaiyyəti koronavirusla mübarizədə Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir. Ölkə başçısının koronavirusun yayılmasına qarşı gördüyü tədbirlər, virusa yoluxanların müalicəsi, eləcə də sadə insanlara göstərdiyi diqqət və qayğı vətəndaşlar tərəfindən razılıqla qarşılanır, təqdir edilir. Prezident İlham Əliyev dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində çox böyük işlər görür. Əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlət başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Bunun nəticəsidir ki, ölkənin hər tərəfindən Prezidentə təşəkkür məktubları gəlməkdə davam edir. Həmin məktublarda insanlar səmimi şəkildə öz fikirlərini ifadə edirlər. Ölkə vətəndaşları bu diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edirlər. Bütün bunlar onu göstərir ki, həqiqətən də Prezidentin siyasətinə ictimai dəstəyin yeni mərhələsi başlayır. Hesab edirəm ki, bu çox önəmli və dövlətimiz, xalqımız üçün uğurlu bir prosesdir”.
Vidadi ORDAHALLI