COVID-19 pandemiyasının dünyanın bir çox ölkəsini iflic vəziyyətə saldığı məlumdur. Virusun dünya dövlətlərinə qəfil hücuma keçməsi nəticəsində bir çox dövlət aciz duruma düşüb. Bu da bəzi dövlətlərin vətəndaşından, vətəndaşın isə dövlətin həyata keçirilən proseslərdən xəbərsiz qalması, dövlət və vətəndaş arasındakı əlaqələrin itməsi ilə nəticələnib.
Azərbaycanda isə mənzərə tamamilə fərqlidir və ölkəmizdə çox güclü vətəndaş-dövlət birliyi, həmrəyliyi mövcuddur. Dünyada pandemiyanın ilk təsirləri hissi edilməyə başlayarkən Azərbaycanda Prezident İlham Əliyevin tapşırığına əsasən, virusa qarşı önləyici tədbirlər həyata keçirilməyə başladı. Bu önləyici mübarizə tədbirləri nəticəsində isə Azərbaycan vətəndaşları arasında bu virusa kütləvi yoluxma halları baş vermədi, dövlət təcili surətdə prosesi nəzarətə götürdü. Əlbəttə, Azərbaycan dövlətinin bu yöndə həyata keçirdiyi tədbirlərin əsas məqsədi vətəndaşların sağlamlığının, təhlükəsizliyinin təmin edilməsinə nail olmaq olub. Dövlətimiz bu ali istəyinə nail olub desək, qətiyyən yanılmarıq. Bunu təkcə biz demirik, Azərbaycanın hər yerindən vətəndaşlar tərəfindən Prezidentə göndərilən məktublarda da bu barədə danışılır.
Koronavirusla dövlət mübarizə siyasəti ətrafında vətəndaşlar daha da fəallaşırlar.
Zərdab rayonunun Qoruqbağı kəndindən 80 yaşlı Mustafayev Mustafa Bədi oğlu Prezidentə yazır ki, özü və 68 yaşlı həyat yoldaşı karantin rejiminin bütün qaydalarına ciddi riayət edirlər. “Mənim 80, həyat yoldaşımın isə 68 yaşı var. Karantin rejiminə əməl edərək evdən çıxmırıq. Təqaüd və müavinətlər alsaq da, heç bir maddi sıxıntımız olmasa da, bu günlərdə xüsusi diqqət və qayğı ilə əhatə olunmuşuq. Tez-tez ərzaq yardımı, müxtəlif hədiyyələr alırıq” - deyə yazan M.Mustafayev əmindir ki, Prezidentin rəhbərliyilə tezliklə bu bəla ölkəmizdən ayaqlarını çəkəcək.
Masallı rayonundan ağsaqqallar, ziyalılar, ictimai fəallar adından Prezidentə məktub yazan Ələşrəf Niftiyev və Füzuli Abdullayev dövlətin əhalinin sosial rifahı naminə gördüyü işləri dəstəklədiklərini bəyan edirlər. “Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolu ilə gedərək ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Siz dünyanı bürüyən amansız düşmən - koronavirusa qarşı uzaqgörən siyasətinizlə bu xilaskarlıq missiyasını davam etdirirsiniz” - deyə yazan Masallı sakinləri qeyd edirlər ki, Prezident həmişə xalqla bir yerdədir və xalq da ölkə başçısının bütün çağırışlarına, tövsiyələrinə əməl edir: “Biz Sizin qətiyyətli addımlarınızı bəyənir və tezliklə pandemiya üzərində qələbə çalacağımıza əminik”.
Qaradağ rayonundan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, “UNEC Könüllüləri” təşkilatının sədri Vəliyev Orxan Fərmayıl oğlu Prezidentə yazdığı məktubda Azərbaycan gənclərinin Prezidentin qəbul etdiyi bütün qərarları dəstəklədiyini, fəaliyyətlərində onları rəhbər tutaraq addım atdıqlarını qeyd edir: “Əminik ki, Sizin uğurlu və düşünülmüş siyasətiniz biz azərbaycanlılara bütün çətin sınaqlardan çıxmağa kömək edəcək. Mən şəxsən öz adımdan və təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri adından Sizə dərin minnətdarlığımı bildirirəm”.
Zaqatala rayon sakini Rəhimov Famil Şamil oğlu isə Prezidentə ünvanladığı məktubda Prezidentin rəhbərliyilə həyata keçirilən dövlət tədbirlərini zaqatalalı gənclərin dəstəklədiklərini qeyd edir: “...Sizin xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhval-ruhiyyə yaradır. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz “Biz birlikdə güclüyük!” çağırışını biz Zaqatala rayonunun gəncləri yekdilliklə dəstəkləyirik... Tərəfinizdən koronavirus pandemiyası ilə bağlı görülən bütün tədbirlərə, vətəndaşların sağlamlığına və sosial rifahına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkür edirik”.
Şabran şəhərindən şair-publisist Zakir Bayramlı da Prezidentin rəhbərliyi və təşkilatçılığı ilə respublikamızda koronavirusla bağlı xüsusi karantin rejimi üzrə görülən tədbirləri dəstəklədiyini yazır.
“Sizin sərəncamlarınız və verdiyiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə bu qorxulu və dəhşətli pandemiyanın yayılması tempini xeyli aşağı salmaq mümkün olub. Karantin müddətində əhalinin normal yaşamasının və sosial rifahının təmin edilməsi üçün operativ və təxirəsalınmaz işlər həyata keçirilib. Bütün bunlar Sizin baş verəcək hadisələri qabaqcadan görmək bacarığınızdan, çətin və qorxulu situasiyaları qiymətləndirmək səriştənizdən, siyasi çevikliyinizdən və xalqa olan dərin məhəbbətinizdən irəli gəlir”.
Kürdəmir rayonundan tələbə Həsənov Elmir Ağababa oğlu qeyd edir ki, hazırda bütün dünyanı hərəkətə gətirmiş yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq bütün dünya böyük narahatlıq içərisindədir. “Bəzi inkişaf etmiş dövlətlərin də pandemiya qarşısında aciz qaldığı dövrdə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü tədbirlər virusun ölkəmizdə geniş yayılmasının qarşısının alınmasına səbəb olub: “...Çox az sayda bu cür təhlükəli virusa qarşı çevik reaksiya verən dövlətlər oldu. Bu dövlətlərdən biri də və bəlkə də birincisi bizim Azərbaycandır. Bu çevik addımların atılmasında Sizin tapşırıqlarınız və rolunuz danılmazdır. Bizim Azərbaycan xalqı uzun illər boyu bundan da böyük çətinliklərə qalib gələn dözümlü xalqdır və bu böyük xalqın Sizin kimi böyük siyasətçisi var”.
Göygöl rayonundan Dünya Quliyeva, Almaz Verdiyeva, Sədaqət Şərifova, Mirux Cəfərova, Zərəngiz Məmmədova pandemiya ilə mübarizə sahəsində Prezidentin verdiyi bütün qərarları dəstəklədiklərini bəyan edirlər: “…Məlum vəziyyətlə əlaqədar verilən bütün qərarlarınızı dəstəkləyirik. Çünki bu, birbaşa bizim sağlamlığımızın qorunması üçün atılmış addımlardır. “Evdə qal” aksiyasında iştirak edən yaşlı və aztəminatlı təbəqənin nümayəndələri heç nədən korluq çəkmədilər. Bu cür qayğı və diqqətə görə Sizə təşəkkür edirik”.
Onlar, həmçinin, qeyd edirlər ki, Göygöl rayonunun ahıl insanları və ağsaqqalları hər zaman Prezidentin daxili və xarici siyasətini dəstəkləyirlər.
Cəlilabad rayonunun Üçtəpə və Suluçeşmə kəndlərindən Baxışova Yaqut Abuzər qızı,
Qürbətov Əliməmməd Ağamoğlan oğlu Prezidentə yazdıqları məktubda ölkə başçısının pandemiya ilə mübarizədə milli həmrəylik, milli birlik amilinin əsas olması ilə bağlı mesajını dəstəklədiklərini yazırlar: “...Siz dəfələrlə vəziyyətin çox ciddi olduğunu, hər birimizin həmrəylik və birlik nümayiş etdirdiyi təqdirdə bu yoluxmaya qalib gələcəyimizi vurğulamısınız. Biz həm də bu qələbəni güclü, qayğıkeş, qətiyyətli Prezidentimiz olduğuna görə qazana biləcəyik... Biz ahıllar “Evdə qal” aksiyasına qoşularaq karantin rejiminin qaydalarına riayət edirik. Karantin rejimində olmağımıza baxmayaraq, daim Sizin və dövlət qurumlarının diqqət mərkəzindəyik. Hər gün bizlərə qayğı göstərilir və tələbatlarımız ödənilir. Biz ahıllar da göstərilən diqqət və qayğıya görə Sizə minnətdarıq”.
Bakı şəhəri, Suraxanı rayon sakini Mənsimov Kamil Bayraməli oğlu Prezidentə yazır ki, Azərbaycan öz torpaqlarını azad etmək, Vətənimizin bütövlüyünü təmin etmək uğrunda xain, təcavüzkar, mənfur bir ölkə ilə neçə ildir mübarizə aparır, dövlət başçısının rəhbərliyilə görülən bütün işlər Azərbaycanı qələbəyə yaxınlaşdırır: “Bir neçə aydır isə ölkəmiz gözəgörünməz düşmənlə üz-üzə qalıb. Lakin Sizin qətiyyətiniz, yüksək təşkilatçılıq qabiliyyətiniz bu bəla üzərində də qələbəni qaçılmaz etdi. Sizin müdrik rəhbərliyinizlə hər iki cəbhədə minimum itkilərlə qələbə qazanacağımıza əminik.
Siz pandemiya ilə mübarizə üçün bütün imkanları səfərbər etdiniz. Dünyanın inkişaf etmiş ölkələrini diz üstündə çökdürən pandemiya Azərbaycanda uğurla həyata keçirilən qabaqlayıcı və səmərəli tədbirlər qarşısında təslim olaraq geri çəkilməyə başladı”.
Ağcabədi rayonunda məskunlaşan Laçın rayonundan məcburi köçkünlər Şahverdiyev Süleyman Səməd oğlu, Əhmədov Sənani İzzət oğlu, Fərzəliyev Nüsrət Məhərrəm oğlu, Kərimov Mirzə Qənbər oğlu və İbrahimov Ədalət Kərim oğlu isə məcburi köçkünlərə göstərdiyi qayğı və diqqətə görə Prezidentə təşəkkürlərini bildirirlər: “...Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunub. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin bağlanmasına baxmayaraq, övladlarımız təhsildən kənarda qalmır, televiziyalarda təşkil olunmuş onlayn dərslərdən yararlanırlar. Əməkhaqlarımız da vaxtında köçürülür”.
Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindən Mirzəyeva Sevinc Daşdəmir qızı, Tanrıverdiyev Fərid Vaqif oğlu, Əliyeva Ülviyyə Hümbət qızının məktubunda pandemiyaya qarşı kompleks mübarizə tədbirləri ilə yanaşı, bu bəlanın iqtisadi təsirlərinin azaldılması, xüsusilə aztəminatlı ailələr tərəfindən onun fəsadlarının hiss olunmaması üçün dövlətimiz tərəfindən iqtisadi və sosial sahələrdə də mühüm təşəbbüslərin irəli sürülməsini ciddi şəkildə dəstəklədiklərini bildirirlər.
Füzuli rayonu, Horadiz şəhərində milliyyətcə rus olan Nəsirova Olqa Stepanovna “...milliyyətcə rus olsam da, Azərbaycan Respublikasının vətəndaşıyam, cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Horadiz şəhərində yaşayıram. Sizin bu ağır və çətin günlərdə necə vicdanla işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, daim insanların yanında olduğunuzu görürəm.
Sizin tapşırığınızla karantin dövründə aztəminatlı ailələrə 190 manat pul vəsaitinin ödənilməsi sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Biz füzulililər, hər zaman olduğu kimi, yenə də Sizin yanınızdayıq, Sizi dəstəkləyirik” - deyə məktubunda bildirir.
Qəbələ rayonundan Pərviz Sabirli Prezidentə yazdığı məktubda “...belə çətin bir dövrdə ölkə vətəndaşlarının qayğısına qalaraq və əhalinin sağlamlığını düşünərək atdığınız addımlara, o cümlədən, sahibkarlara verilən dövlət dəstəyinə, vergi güzəştlərinə, əhalinin həssas təbəqəsinə edilən yardımlara görə sonsuz minnətdarlığımızı bildiririk” - deyə qeyd edir. O, həmçinin, ölkəmizin çətin sınaq qarşısında olduğu bir dövrdə vətəndaşların Prezident ətrafında sıx birləşdiyini ifadə edir.
Füzuli rayonundan Məmmədov Ceyhun Bahadur oğlu da yazır ki, Prezidentin rəhbərliyilə həyata keçirilən bütün tədbirlər cəbhəyanı bölgədə yaşayan vətəndaşlar tərəfindən ciddi dəstəklənir: “...Cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlər olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın gecəli-gündüzlü yorulmaz fəaliyyətiniz, müdrik və düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik”.
Kürdəmir rayon sakinləri Cəmalə İsmayılova və Yaşar Rəşidov isə öz müraciətlərində Kürdəmir rayonunda çalışan bütün müəllimlərin adından öncə təhsilə göstərdiyi qayğıya, sonra isə koronavirus pandemiyasına qarşı görülən tədbirlərə görə ölkə başçısına təşəkkür etdiklərini və Prezidentin rəhbərliyilə həyata keçirilən bütün tədbirləri dəstəklədiklərini qeyd edirlər: “...Həmçinin, dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, maddi dəstək göstərilir. Həmişə olduğu kimi, xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanır.
Şəki şəhər sakini Baxışov Vüsal Bünyamin oğlu Prezidentə dəstək məktubunda yazır ki, son aylarda dünyanın 200-dən çox ölkəsinə yayılaraq 2 milyondan çox insanı yoluxduran koronavirusa qarşı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda aparılan ardıcıl siyasət nəticəsində bu gün, demək olar ki, ölkəmizdə xəstəliyin yayılmasının nəzarət altına alınmasına nail olunub. “…Pandemiyaya qarşı mübarizənin tərkib hissəsi olaraq, iqtisadi cəhətdən həssas qruplardan olan həmvətənlərimizə, sahibkarlara, aztəminatlı insanlara yönələn və hər gün miqyası genişlənən sosial siyasətiniz vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması üçün olduqca əhəmiyyətlidir”.
Bakı şəhəri, Yasamal rayonundan Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov yazdığı məktubda Prezidentin rəhbərliyilə həyata keçirilən tədbirlərin AMEA əməkdaşları tərəfindən də dəstəkləndiyini qeyd edir: “… Biz, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə xalqın qayğısına bu qədər qalaraq işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqlarının saxlanması, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində vəsaitin ayrılması, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulması, digər sosial müdafiə üzrə ciddi addımların atılması barədə qətiyyətli tapşırıqlarınızı dəstəkləyir, ətrafınızda sıx birləşərək bütün işlərinizdə Sizlərin yanında olduğumuzu bildiririk”.
Bakı şəhəri, Nərimanov rayonundan “AzərGeoMaş” Elmi İstehsalat Müəssisəsinin kollektivi adından Əliyev Əli Çingiz oğlu “Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün Sizin tapşırıqlarınıza əsasən, müəssisəmizə olunan maddi yardıma görə Sizə dərin minnətdarlığımızı bildiririk” - deyə Prezidentə yazdığı məktubda vurğulayır.
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən İsmayılov Samir Şahid oğlu isə dünyada pandemiyanın ciddi fəsadlar törətdiyi bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyilə pandemiya ilə mübarizədə önləyici tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan vətəndaşları bu virusun təsirinə az məruz qalıblar: “Bu da məhz ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı aidiyyəti orqanlara verdiyiniz tapşırıqlar və bununla bağlı xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədardır. Ölkəmizdə koronavirusun geniş yayılma tempinin qarşısının alınması bizi çox sevindirir”.
Şəki şəhərindən Balacayev İsmayıl Mustafa oğlu, İsmayılova Aişənur Rafiq qızı, Cəmilova Sevda Əşrəf qızı və Əsədullayev Zaur Ələddin oğlu “…Görünməyən təhlükəli düşmənlə mübarizədə atdığınız addımlar xalqımızı çox məmnun edir. Böyük ölkələrin bacara bilmədiyi işləri Azərbaycan Sizin sayənizdə məharətlə bacardı. Bu çətin günlərdə atılan qətiyyətli addımlar nəticəsində çox şükür ki, itkilərimiz minimum səviyyədədir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən tədbirlər də xüsusi alqışlara layiqdir. Xüsusi qrupa aid olan xəstələr üçün qanvermə aksiyasını çox müsbət qarşılayırıq”.
Onlar, həmçinin, ağır günlərdə işləməyən insanlara birdəfəlik müavinətlərin verilməsini, bu insanların sayının 600 min nəfərə çatdırılmasını da təqdir edirlər.
Bakı şəhərindən Əlixanov Hüseyn də Prezidentə yazdığı məktubda ölkə başçısının pandemiyanın ölkəmizdə geniş yayılmasının, daha çox insan tələfatına səbəb olmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirləri dəstəklədiyini qeyd edir: “… Dünyanın bir parçası olaraq, ölkəmizin bu bəlanı yaşadığı ilkin dövrdə gördüyünüz təxirəsalınmaz təsirli tədbirlər öz nəticəsini verməkdədir. Heç də təsadüfi deyil ki, insanların həyat və rifahının Sizin üçün ən önəmli olduğu barədə çıxışlarınızda dəfələrlə etdiyiniz qeydlər reallıqla üst-üstə düşür. Vaxtında verdiyiniz göstərişlər və qəbul etdiyiniz qərarlar sayəsində xalqımız bəzi Avropa ölkələrinin qarşılaşdığı faciəvi halla üzləşmədi”.
Vətəndaş, həmçinin, qonşu ölkələrlə sərhədlərdə gediş-gəlişin maksimum dərəcədə məhdudlaşdırılması, xarici ölkələrdən Vətənə qayıtmaq istəyən vətəndaşlarımızın xüsusi reyslərlə sistemli və ardıcıllıqla daşınmasının təmin olunması, minlərlə şəxsin karantində saxlanmaqla testdən keçirilməsi, Azərbaycanın bütün şəhər və rayonlarında xüsusi karantin rejiminin tətbiqi, hər kəs tərəfindən bu qaydalara riayət olunmasına ciddi nəzarətin təşkili, yoluxmaya meylli risq qrupuna aid insanlara, o cümlədən, tək yaşayan yaşlılara fərdi qaydada zəruri xidmətlər və yardımların göstərilməsi, küçələrin, eləcə də fəaliyyəti zəruri hesab edilən idarə, müəssisə və təşkilatların yerləşdiyi binaların dezinfeksiya olunması və çoxsaylı digər tədbir virusdan yoluxma hallarının artmasının qarşısının alınması istiqamətində dövlətin həyata keçirdiyi tədbirləri dəstəklədiyini qeyd edir.
İradə SARIYEVA