Məlum olduğu kimi, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov aprelin 21-də A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun üzvlərinin “dəyirmi masa”sında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bildirən S.Lavrov öncə Qarabağ ətrafındakı rayonların azad edilməsi gərəkliyini vurğulayıb. Onun sözlərinə görə, yalnız ətraf rayonlar azad ediləndən, nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyalar blokadadan çıxarılandan sonra problemin həllinin ikinci mərhələsinə start vermək olar.
Ancaq Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Lavrovun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirib. Eyni zamanda, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar edib.
Bu arada, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Xarici İşlər nazirinin Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun açıqlamasına cavabı ilə bağlı məsələni şərh edərək bunu pisləyib. H.Hacıyevin fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın bəyanatı ilə bağlı qəti mövqe ortaya qoymalıdırlar: “Ermənistan bu kimi dağıdıcı açıqlamalarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyini qiymətləndirməli və öz mövqelərini ortaya qoymalıdırlar”.
O baxımdan maraqlıdır, Azərbaycanın haqlı tələbinə Minsk Qrupu necə cavab verməli və nə etməlidir?
“Ermənistanın məlum davranışı həm də həmsədrlərə, daha dəqiq desək, onların vasitəçilik missiyasına qarşı yönəlib”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, Minsk Qrupu Ermənistanın pozucu açıqlamasına sərt cavab verməli və bu ölkəni konstruktiv danışıqlara dəvət etməlidir: “ATƏT-in Minsk Qrupu buna qəti, konkret və reallığa uyğun cavab verməlidir. Ermənistanı sığallamaq yox, bu dövləti açıq şəkildə tənqid etməlidirlər. Çünki Mnatsakanyanın məlum açıqlaması bütün danışıqları pozur. Söhbət münaqişənin həlli zamanı Dağlıq Qarabağın statusundan gedirsə, bunun konkret mərhələləri var. Yəni işğal olunmuş ərazilərin azad edilməsi birinci növbədə gündəmdə olmalıdır. Reallıq odur ki, beynəlxalq hüququn norma və prinsiplərinə, Helsinki Yekun Aktına və əvvəllər əldə olunan razılığa uyğun qərar qəbul olunsun. Bu qərar mərhələli həll planıdır. Yəni işğal olunmuş torpaqlar azad olunur, kommunikasiyalar açılır, sonradan Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar davam etdirilir. Minsk Qrupunun Ermənistanın pozucu hərəkətlərinə konkret mövqe bildirməməsi işğalçı tərəfə bu cür açıqlamalar verməyə müəyyən şərait yaradır. Ona görə də həmsədrlər daha kəskin reaksiya verib Ermənistanı yerində oturtmalıdırlar. Çünki ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı vasitəçidir, görüşləri təşkil edir. Ermənistanın məlum davranışı həm də həmsədrlərə, daha dəqiq desək, onların vasitəçilik missiyasına qarşı yönəlib”.
Vidadi ORDAHALLI