Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı açıqlaması Ermənistanda Paşinyan hökumətinin yenidən tənqid edilməsinə və Moskava sərt ittihamların səslənməsinə zəmin yaradıb. Lavrov Rusiyanın Ermənistana satdığı qazın qiymətinin artırılması barədə də danışıb. O deyib ki, Rusiyanın Ermənistana indiki qiymətlə qaz satmasının günahı onlarda yox, Ermənistandadır. Lavrov bildirib ki, Paşinyan hökuməti qazı onlardan hansı qiymətə alırsa, xalqa da o qiymətə satırlar.
Xatırladaq ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan iqtisadiyyatında əsas söz sahibi olan Rusiya şirkətlərinin qanunsuz fəaliyyətinin hüquqi müstəvidə araşdırılmasına başlanıb. Müşahidəçilər bu ərəfədə Lavrovun Ermənistana qarşı görünən açıqlamalarını məhz bununla əlaqləndirir. Rusiya XİN rəhbəri bir daha xatırladıb ki, danışıqların indiki formatı qəbulediləndir və başqa yeniliyə zərurət duyulmur:“Qəbul edilmiş qətnamələr məlum sənədlərdir. Onlar hərbi əməliyyatların qızğın dövründə qəbul edilib və hər şeydən əvvəl hərbi əməliyyatların tamamilə dayandırılmasını və danışıqlara keçilməsini nəzərdə tutub. Qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiqini tapıb. Eyni zamanda, sənədlərdə müharibəni dayandırmaq və danışıqlara keçmək çağırışı da yer alıb. İndi danışıqların Bakı-Yerevan, ATƏT-in Minsk Qrupunun üç həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi formatı müəyyən edilib. Bu, BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq və razılığa gəlmək tələbini təcəssüm etdirən faydalı və yaxşı formatdır”.
Göründüyü kimi, Lavrov hansısa üçüncü tərəfin bərabərhüquqlu tərəf kimi danışıqlar prosesində iştirakını mümkünsüz sayıb. Ermənistanda daxili vəziyyət də gərgindir. Əhali iki aydır ki, qaza və elektrik enerjisinə olan borclarını ödəyə bilmir. Bütün bunların fonunda Ermənistanın hakim dairələrində bir anti-Rusiya ovqatı yaranıb və bunu bəyanatlarında hiss etdirirlər. Onlar bütün bunları Rusiyanın açıq şəkildə Qarabağ məsəsləsində Azərbaycanın mövqeyini dəstəkləməsi ilə izah edirlər. Rusiyanın bu seçimi normaldır. Çünki Moskva görür ki, Azərbaycan həm haqlıdır, həm də regionda Ermənistandan daha əhəmiyyətli rola malikdir. Ermənistandakı hazırkı durum Rusiya ilə həmin ölkənin münasibətləri fonunda nələri üzə çıxarır?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunu daha çox Rusiya ilə Qərbin arasında Ermənistan uğrunda aparılan mübarizə ilə əlaqələndirə bilərik: “Ermənistan sərt manevrlər etdiyi üçün Rusiya ona qarşı olan təzyiqləri get-gedə artırır. Xüsusilə də 2018-ci ildən, yəni Paşinyanın hakimiyyətə gəlişindən sonra bu proses daha da sürətlənib. Paşinyan Ermənistanın daxilində olan rusiyameyilli bütün qüvvələri zərərsizləşdirir. Köçəryanla bağlı vəziyyəti bilirsiniz, Serj Sarkisyan da hər an həbs edilə bilər, çünki barəsində cinayət işi var. Artıq katolikosla da bağlı vəziyyət gərgindir. Çünki o, Köçəryanla bağlı Paşinyana müraciət etdi. Onun müraciətinə əhəmiyyət vermədilər və bundan sonra katolikosa qarşı kampaniya başladı. Belə bir proseslər getdiyi üçün Rusiya öz təzyiqini göstərir. Ən gözəl təzyiq vasitəsi də məhz Dağlıq Qarabağ münaqişəsidir. Lavrovun son mövqeyi Azərbaycanın açıq şəkildə müdafiə olunması anlamına gəldi. Buna görədir ki, Ermənistan XİN səviyyəsində çox sərt bəyanat verdi. Hətta bir az da irəli gedərək, Dağlıq Qarabağın ətrafındakı rayonları da özlərinin təhlükəsizlik zonası elan etdilər. Artıq Ermənistanın rəhbərliyi başa düşür ki, düzgün mövqe ilə razılaşmaq gərəkdir. Rusiya bunu başqa niyyətlə etsə də, yekunda proseslər bizim xeyrimizə cərəyan edir”.
Məhəmmədəli QƏRİBLİ