Separatçı “DQR”-in yeni seçilən “prezidenti” Araik Arutyunyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı mövqeyini açıqlayıb və 7 bənddən ibarət sərsəm tələblər irəli sürüb. Saxta “prezident” qeyd edir ki, problemin həlli separatçı rejimin iştirakı olmadan mümkün deyil. O qeyd edib ki, onlardan kənar aparılan danışıqlardan çox narahatdırlar.
İrəli sürülən 7 bəndlik tələblərin çoxu saxta qurumun indiyə qədər olan “rəhbərləri” tərəfindən dəfələrlə səsləndirilib. Diqqətimizi mahiyyətcə gülməli və yeni olan tələblərdən biri çəkdi. Arutyunyan deyir ki, prosesdə güc tətbiqi olarsa, onlar kontr-zərbə endirməklə Azərbaycana əks-hücum edib, hərbi əməliyyatları bizim “öz ərazilərimizdə” aparacaqlar. Erməni mətbuatı vasitəsilə edilən bu hədə mahiyyət etibarı ilə çox cılız görünür. Arutyunyan məgər bilmir ki, hazırda qərar tutduğu ərazilər də Azərbaycan ərazisidir?
“Həmin tələblərin heç bir hüquqi və məntiqi əsası yoxdur”
Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, erməni həyasızlığının növbəti nümünəsidir:“Hər dəfə danışıqlar prosesində hansısa canlanma olanda, onlar belə avantüralara əl atırlar. Hazırda konkret hansısa addımalr atılmır. Ancaq hiss olunur ki, Lavrovun son bəyanatı erməniləri ciddi narahat edib. Buna görə də, yeni seçilən “saxta prezident” tələblər irəli sürüb. Onun tələblərinin hər hansı nəticəsi olan deyil. Cünki dəfələrlə erməni tərəfi separatçıları müstəqil tərəf kimi danışıqlar prosesinə cəlb etmək istəyib, lakin bu alınmayıb. Hətta beynəlxalq vasitəçilər belə bunun mümkünsüzlüyünü dəfələrlə vurğulayıblar. Arutyunyan gözəl bilir ki, onlar hazırda Azərbaycan torpaqlarındadırlar. Onların Azərbaycana cavab verəcək hərbi gücləri də yetərli deyil. Biz bunu aprel döyüşlərində gördük. Azərbaycanın bu danşıqlarda bir tərəf-müqabili var, o da Ermənistandır. Çünki bizim torpağımızı bir ovuc separatçı erməni deyil, məhz Ermənistan dövləti öz himayədarlarının dəstəyi ilə işğal edib. Bu ritorika həm də ciddi narahatlıqdan xəbər verir. Artıq gözləməyə, dözməyə zaman da qalmayıb. Azərbaycan məsələni konkretləşdirməlidir. Sülh danışıqlarında irəliləyiş yoxdursa, mütləq mənada biz hərbi yolla öz ərazi bütövlüyümüzü təmin etməliyik. Bunun üçün ölkədə vətənpərvərlik hissi də kifayət qədərdi. Separatçıların yeni “başçıısının” 7 bənddən ibarət bəyanatını boş xülya sayıram. Çünki həmin tələblərin heç bir hüquqi və məntiqi əsası yoxdur. Belə sərsəm bəyanatların bir daha təkrarlanmaması üçün Azərbaycan mütləq mənada öz gücünü separatçılara və onların yeni “rəhbərinə” göstərməlidir”.
Məhəmmədəli QƏRİBLİ