Məlum olduğu kimi, aprelin 21-də Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan və Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov arasında ortaq videokonfrans keçirilib. Müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şefer - ABŞ) mart ayının ortalarından etibarən uzaqdan tez-tez məsləhətləşmələr aparıblar. XİN rəhbərləri arasında keçirilən müzakirələr zamanı iştirakçılar qlobal səhiyyə böhranının regiona təsirini və regiondakı son hadisələri müzakirə ediblər.
Onlar, həmçinin, yanvarın 30-da Cenevrədə verilmiş birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı növbəti addımları nəzərdən keçiriblər. Qeyd olunub ki, nazirlərin üzbəüz görüşləri və Cenevrədəki razılaşmaya uyğun olaraq həmsədrlərin bölgəyə səfərləri təxirə salınıb. Buna baxmayaraq, bu məsələlərin həyata keçirilməsi üçün lazımi işlər davam etdirilir. Bəyanatda həmsədrlər atəşkəs rejiminə ciddi şəkildə əməl olunmasının və mövcud vəziyyətdə təxribatçı hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayaraq, tərəfləri gərginliyin daha da azaldılması üçün tədbirlər görməyə çağırıblar. Bundan əlavə, tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin hazırkı şəraitdə davam etdirdiyi işlərdən məmnun olduqlarını bildirib, monitorinqlərin mümkün qədər tez bərpa edilməsinin vacibliyini vurğulayıblar. Bununla yanaşı, Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov 21 aprel tarixində keçirdiyi videokonfrans zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair bəyanat da səsləndirib. Bəyanatda münaqişəsinin həllində mərhələli yanaşmanın tətbiq olunması vurğulanıb. Lakin ardınca Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan əraziləri boşaltmaq fikrində olmadıqlarını qeyd edib. Bu videokonfransdan sonra Qarabağ sülh prosesində ilk irəliləyiş və addım nədən ibarət olacaq?
Elşən Mustafayev:“Bunun fonunda Ermənistana təzyiqlər də arta bilər ki, konstruktiv mövqe sərgiləsin”
Politoloq Elşən Mustafayev qəzetimizə bildirdi ki, Ermənistan növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirməkdən çəkinmədi: “Rəsmi İrəvan beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar şəkildə hörmətsizlik nümayiş etdirir. Üzərinə beynəlxalq öhdəliklər götürən Ermənistan Respublikası qonşu Azərbaycana qarşı hərbi gücdən istifadə etməklə onun beynəlxalq tanınmış torpaqlarının beşdə birini işğal edib və bu ərazilərdə yaşayan bir milyondan artıq azərbaycanlını etnik təmizlənməyə məruz qoyub. Belə bir vəziyyətdə işğalçı ölkə olan Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan danışıqlar prosesini imitasiya edir və münaqişənin həll olunması üçün konkret addımlar atmaqdan boyun qaçırır. Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən həlli ilə bağlı verdiyi açıqlama ölkəmizin maraqlarına cavab verir. S.Lavrov çıxışında problemin həllinin birinci mərhələsi kimi Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsini ortaya qoyur ki, bu özü də problemin həlli istiqamətində atılan önəmli bir addımdır. İkinci mərhələdə isə Dağlıq Qarabağın özünün işğaldan azad edilməsi, Azərbaycanın nəzarətinə qaytarılması təmin olunur ki, bu da BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində əksini tapıb. Əslində S.Lavrovun bu açıqlaması çoxdan qəbul edilsə də, BMT-nin bu günədək icra edilməyən məlum qətnamələrinə diqqətin yönəldilməsi, problemin məhz bu qətnamələrin tələbləri çərçivəsində həlli məsələsinin gündəmə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir. Təbii olaraq Ermənistan buna çox mənfi və qeyri-konstruktiv reaksiya verib. Belə görünür ki, bəyanat Ermənistanı qıcıqlandırıb. Amma digər reallıq odur ki, Madrid və Kazan prinsipləri var. Bununla bağlı danışıqlar və görüşlər keçirilib. Yəni mərhələli həll arxa plana çəkilməyib. Hər zaman gündəmdə olub. Bu baxımdan da Rusiyanın yaxın zamnalarda fəallığı nəzərə çarpacaq. Çünki həllə bağlı yol xəritəsində konkret mövqe ortaya qoyulur. Təbii ki, bunun fonunda Ermənistana təzyiqlər də arta bilər ki, konstruktiv mövqe sərgiləsin. Əks təqdirdə, biz yenə imitasiya görərik. Ümumi prosesdə bir qədər fəallaşma nəzərə çarpır”.
Məhəmmədəli QƏRİBLİ