Son aylar dünyanı bürüyən pandemiyadan Azərbaycan xalqının mümkün qədər az itki ilə çıxması ilə bağlı Prezident İlham Əliyevin göstərişinə əsasən, həyata keçirilən kompleks tədbirlər, bu yöndə atılan qətiyyətli addımlar cəmiyyətin müxtəlif sferaları, təbəqələri tərəfindən təqdir edilir, dəstəklənir.
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Prezidentə ünvanladığı məktubda Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı sərgilədiyi fərqli və effektiv mübarizə üsullarının, habelə həyata keçirdiyi sosial müdafiə və digər tədbirlərin bütün dünya üçün örnək olduğunu yazır. “Ölkə rəhbəri kimi Sizin vaxtında həyata keçirdiyiniz tədbirlərin nəticəsidir ki, Azərbaycan bu gün bütün dünyanı bürümüş koranavirusdan ən az əziyyət çəkən, bəşəriyyətin bəlasına çevrilmiş pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələr arasında ön sıralarda dayanır. Hətta Azərbaycan bu sahədə Avropanın və dünyanın ən qabaqcıl ölkələrini də arxada qoyur. Qısa müddət ərzində bu virusa yoluxma dinamikasında geridönüşün yaranması, son günlərdə isə sağalanların sayının yeni yoluxanların sayından dəfələrlə artıq olması, ölüm faizinin bəlkə də dünyada ən aşağı səviyyədə olması bir daha onu sübut edir ki, Sizin rəhbərliyiniz və bilavasitə göstərişləriniz əsasında bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirilir. Xalqımız və eləcə də dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Azərbaycanda əhalinin sağlamlığı və sosial rifah halı dövlətin çox böyük önəm verdiyi prioritet sahədir və ölkəmiz yarana biləcək hər cür fors-major hallara hazırdır”.
M.Nəbioğlu, həmçinin, yaranmış vəziyyətlə əlaqədar elan olunmuş karantin dövründə dünyanın bir çox ölkəsindən fərqli olaraq, Azərbaycanın iqtisadi böhran yaşamaması, əhalinin ərzaq və digər zəruri mallara ehtiyacının ödənilməsində heç bir problemin olmaması, nəzərdə tutulmuş sosial layihələrin dayandırılmaması ilə yanaşı, işsizlərə yardım edilməsi, sahibkarlara dəyən ziyanın minimuma endirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi faktını önə çəkir.
O, eyni zamanda, vurğulayır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici və daxili siyasət sayəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə artır, iqtisadiyyatımız inkişaf edir, respublikamızda maliyyə dayanıqlılığı getdikcə möhkəmlənir, xalqla dövlətin sarsılmaz birliyi mövcuddur.
İradə SARIYEVA