Bu gün koronavirus pandemiyası ilə əlaqədar olaraq bir sıra dövlətlər öz vətəndaşlarının taleyini Allah ümidinə buraxdığı bir dövrdə Azərbayan dövləti həm ölkə daxilində, həm də xarici ölkələrdə yaşayan vətəndaşlarına göstərdiyi diqqət və qayğı ilə nümunələr yaradır.
Türkiyə Respublikasının Adana şəhərindən Prezidentə məktub ünvanlayan Abdulova Vüsalə Novruz qızı bu ağır günlərdə dövlət qayğısı ilə təmin edildiyini yazır. “Mən Türkiyənin Adana şəhərində yaşayıram. Hemofiliya xəstəliyindən və autizm sindromundan əziyyət çəkən 14 yaşlı oğlum - Allahverdi Salmanov evdə pilləkənlərdən yıxılmış və aldığı zərbədən beyninə qan sızmışdı.Yaşadığım Adana şəhər Uşaq Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində ölümlə çarpışan oğlumun yanında bir neçə gün yalnız qaldım. Sizin “Mən bütün dünyadakı azərbaycanlıların Prezidentiyəm” sözünüzü xatırlayan kimi bu yalnızlıq məni tərk etdi. Son dövrlər Sizin tapşırıqlarınıza uyğun olaraq, Azərbaycan hökumətinin Türkiyədəki soydaşlarımıza göstərdiyi maddi və mənəvi yardımları yada saldım. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edərkən “Azərbaycan dövləti arxanızdadır” sözlərini eşitdim. Oğlum zəruri dərman preparatları ilə pulsuz təmin olundu. Bu həm də mənə böyük mənəvi dayaq oldu. Çətin günlərdə özümü yalnız hiss etmədim”.
V.Abdulova Azərbaycan dövlətinin qayğısı nəticəsində hazırda övladının müalicəsinin davam etdirildiyini yazır. “Dünya ölkələrinin iflic vəziyyətdə olduğu günlərdə bütün qüvvələri səfərbər edərək ölkəmizi qoruduğunuza, həm də xaricdə yaşayan azərbaycanlılara yardım etdiyinizə görə çox sağ olun” - deyə yazan V.Abdulovanın sözlərinə görə, bu ağır günlərdə xaricdə yaşayan azərbaycanlılar Azərbaycan dövlətini, Azərbaycan Prezidentini öz yanlarında görüblər.
İradə SARIYEVA