Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili, onun maraqları, sosial rifahı, təhlükəsizliyi dayanır. Dövlət hər bir addımı vətəndaşın bu gününü və sabahını düşünərək atır. Koronavirus pandemiyası ilə bağlı dövlətin ardıcıl, sistemli şəkildə gerçəkləşdirdiyi mübarizə tədbirlərinin əsas hədəfi vətəndaşların bu virusa yoluxmasının qarşısını mümkün qədər almaq, onu lokallaşdırmaq, təsirini azaltmaq olub və dövlət çalışır ki, insanlarımızı bu infeksiyadan tamamilə xilas etsin. Bütün təhlükəsizlik tədbirlərinin də qayəsi, məqsədi budur.
Azərbaycan dövlətinin pandemiya dövründə həyata keçirdiyi siyasəti, gördüyü tədbirləri yaxından diqqətlə izləyən ölkə vətəndaşları bununla bağlı fikirlərini Prezidentə yazdıqları məktublarda ifadə edirlər.
Müxtəlif yaş kateqoriyasına, sosial statusa malik olan vətəndaşlar Prezidentə yazdıqları məktublarla Prezidentin rəhbərliyilə həyata keçirilən siyasətə dəstək nümayiş etdirirlər.
Onu da qeyd edək ki, Prezidentə məktub yazanlar arasında xaricdə yaşayan Azərbaycan vətəndaşları da çoxdur. Onlar dövlətin xaricdə yaşayan vətəndaşlarımıza bəslədiyi qayğı siyasətindən razılıq edirlər.
Məktublarda qaçqın və məcburi köçkünlərin problemlərinin, qayğılarının həlli istiqamətində Prezidentin həyata keçirdiyi siyasət, şəhid ailələrinə qayğı, başlıcası isə pandemiya ilə mübarizədə reallaşdırılan məqsədyönlü tədbirlərin verdiyi effekt və s. önə çəkilir.
Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1992-ci ildə doğma yurdundan - Laçından köçkün düşərək ailəsi ilə birlikdə Ağcabədi rayonu ərazisində məskunlaşan Məmmədov Pəhlivan Firudin oğlu məktubunda yazır ki, mənfur düşmənlərimizin xəyanəti nəticəsində el-obası işğala məruz qalsa da, köçkünlükdən sonra Azərbaycan dövlətinin qayğısı sayəsində heç bir çətinliklə üzləşməyiblər. O, bu günlərdə dövlət tərəfindən evlə təmin edilməsini Prezidentin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi qayğı siyasətinin örnəklərindən biri olduğunu yazır: “Hazırda Laçın Rayon Baytarlıq İdarəsində baytar həkim işləyirəm. Bu günlərdə ailəmiz dövlətimiz tərəfindən yeni evlə təmin olundu. Bu, Sizin, dövlətin xalqa daimi qayğınızın bariz nümunəsidir”.
Kəlbəcər rayon ictimaiyyəti adından rayonun 87 yaşlı sakini, Azərbaycan RespublikasıAğsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Qənbər Qurbanovun Prezidentə ünvanladığı dəstək məktubunda Prezident İlham Əliyevin rəhbərliyilə koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün həyata keçirilən mübarizə tədbirlərinin vətəndaşlarda qürur hissi yaratdığını ifadə edib. “Dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ pandemiya elan olunmasından əvvəl Sizin uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində, şükürlər olsun ki, ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bütün bunlara görə xalqımız Sizə minnətdarlığını ifadə edir, Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayır. Məhz görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliyin gedişatı ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalıb evlərinə dönən xəstələrin sayı hər gün artır” - deyə qeyd edən 87 yaşlı Q.Qurbanov, həmçinin, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını, “Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılmasını, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsini yüksək qiymətləndirdiyini qeyd edir. Bundan başqa, el ağsaqqalı bu problemin həlli ilə bağlı ölkə başçısının keçirdiyi müşavirələrin, dövlət strukturlarına verdiyi müvafiq tapşırıqların ictimaiyyət tərəfindən razılıqla qarşılandığını yazıb. “Görülən bütün bu tədbirlər, Sizin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çətin anlarda hər zaman xalqla birliyi, bütün fəaliyyətinizin xalqımızın bu ağır sınaqdan üzüağ çıxmağına yönəlməsi insanlarda yüksək əhval-ruhiyyə yaradıb. Bu çətin günlərdə bütün xalqımız Sizin “Biz birlikdə güclüyük!” çağırışınızın müsbət əhval-ruhiyyəsi və mənəvi gücü ilə yaşayır” - deyə Q.Qurbanov məktubunda vurğulayıb.
Lənkəran rayonunun Türkəkəran kəndindən Hacı Cəfərov və Saleh Kazım oğlu isə Prezidentə yazdıqları məktubda COVID-19 pandemiyasına qarşı mübarizə dövründə Prezidentin bütün vətəndaşları öz ətrafında birləşdirməsini və bununla da milli həmrəyliyə nail olunmasını qeyd edirlər. Onar vurğulayırlar ki, Prezidentin qayğısı və dəstəyi insanları bu virusa qarşı mübarizədə səfərbər edib. “Mən, nəvə və nəticələrim daxil olmaqla, ailəmin 75 üzvü adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu bəladan itkisiz və üzüağ çıxmaq üçün qurban kəsib, namaz qılmaqla Allaha dualar edirəm”.
O, həmçinin, yazır ki, Prezident İlham Əliyev Prezident seçilərkən Qurana əl basıb, and içib, “Hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” deyib və belə ağır günlərdə də o, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut edib.
Bakı şəhəri, Xətai rayonunda yaşayan Laçın rayonundan məcburi köçkün Xaspoladzadə Türkanə Qalib qızı isə məktubunda Prezidentin rəhbərliyi və dəstəyilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinə, gənclərin ölkəmizin ictimai-siyasi həyatında rolunun artdığına diqqət çəkir.
Bundan başqa, o, Prezidentin aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb: “Dünyanın bəşəri problemə çevrilən koronavirusun ağuşunda olduğu bu çətin dövrdə xalqımızın rifahı naminə imzaladığınız sərəncamlar bir daha göstərdi ki, Azərbaycan xalqının sağlamlığı, əminamanlığı, hər zaman olduğu kimi, yenə də Sizin üçün ən önəmli məsələdir”.
Ağdam rayonundan Məhəmməd İsmayılov, Ənvər Məhərrəmov, Kəmalə Rüstəmova, Rafiq Əliyev və başqaları adından Prezidentə ünvanlanan məktubda ölkəmizdə milli həmrəyliyin bu günə qədər müşahidə edilməyən səviyyədə olmasını ölkə başçısının yürütdüyü uğurlu siyasətlə əlaqələndirirlər: “Bu Sizin xalqımıza olan diqqət və qayğınıza cavabdır. Tövsiyələriniz, çağırışlarınıza səs verən vətəndaşlar çətin günlərdə dövlətimizin ətrafında sıx birləşdilər. Hamı bir-birinə, xüsusilə aztəminatlı ailələrə köməklik göstərir”.
Onlar, eyni zamanda, sahibkarlara göstərilən dövlət dəstəyindən razılıq edir və karantin şəraitində vətəndaşlara yardımlar edildiyini yazırlar.
Füzuli rayonu, Horadiz şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Əliyeva Ləman Rövşən qızı öz məktubunda koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində Prezidentin rəhbərliyilə ilk gündən bütün mümkün qabaqlayıcı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin ictimaiyyət tərəfindən rəğbət və məmnunluq hissi ilə qarşılandığnın qeyd edir: “…Füzulidə də vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq və digər qaydalara ciddi əməl etmək tələb olunur”.
Xızı rayonunun Xələnc kəndindən mədəniyyət işçisi Şərifova Sevər Nəsrulla qızı da yazır ki, bu gün dünyanı aciz vəziyyətə salmış, səhiyyəsi, iqtisadiyyatı güclü inkişaf etmiş ölkələri belə çətinliklər qarşısında qoyan koronavirusla mübarizədə xalqımızın sağlamlığı, rifahı, təhlükəsizliyi baxımından Prezidentin atdığı addımlar müsbət qarşılanır. “Sizin bu çətin vəziyyətdə aztəminatlı insanlara dəstəyiniz, xalqa göstərdiyiniz maddi və mənəvi dəstək bir daha bizləri səmimi qəlbdən qürurlandırdı. Xalqın hər bir nümayəndəsinə göstərdiyiniz qayğı, əsasən də yaşlı insanların sağlamlığının qorunması üçün verdiyiniz qərarlar xalqımızın mənəvi dəyərlərinə verdiyiniz yüksək qiymətin daha bir nümunəsidir. Siz bir daha sübut etdiniz ki, hər bir vətəndaşın Prezidentisiniz. Biz birlikdə güclüyük!” - deyə o qeyd edib.
Məmmədova Hicran Qədir qızı Gəncə şəhərindən Prezidentə ünvanladığı məktubda “Sizin qətiyyətli iradəniz və təşəbbüskarlığınız sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı. Bu gün də sərhəd tanımayan qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız isə xalqımızın milli birliyinə stimul oldu, pandemiyaya qarşı mübarizədə hər birimizi həmrəyliyə səslədi” - deyə yazır.
Saatlı rayonunun Varxankənd kəndindən əməkdar müəllim Şimşəkov Lətif Şükri oğlu isə bu rayonda yaşayan Axıska türklərinin də Prezidentin həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirdiklərini yazır: “Siz dünyanı bürüyən və böyük tələfatlara səbəb olan koronavirus pandemiyasına qarşı çevik və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməklə vətəndaşlarımızın yanında olduğunuzu bir daha sübut etdiniz.
Həmçinin, son günlər əhalinin aztəminatlı hissəsinin sosial rifahının yaxşılaşdırılması üçün imzaladığınız məlum sərəncamlara görə Saatlı rayonunda yaşayan Axısqa türkləri adından Sizə minnətdarlığımızı bildiririk”.
Qobustan rayonundan Prezidentə məktub yazan Mahmudzadə Baba Məzahir oğlu məktubunda əsasən aztəminatlı ailələrin sosial rifah halının yüksəldilməsi üçün həyata keçirilən dövlət tədbirlərini qeyd edir: “Aztəminatlı ailələri və işsiz vətəndaşları nəzərə alaraq dövlət tərəfindən 190 manat birdəfəlik ödəmələr üçün vəsait ayrıldı. Bu vəsait 200 min insana şamil edilirdi, lakin Sizin tapşırığınıza əsasən, bu say 600 minə çatdırıldı. Siz bir daha vətəndaşların yanında olduğunuzu sübut etdiniz”.
Ağdaş rayonundan Quluyev Cavid Cavanşir oğlu da Prezident İlham Əliyevin rəhbərliyilə COVID-19 epidemiyasının qarşısını almaq məqsədilə reallaşdırılan tədbirlərin əhəmiyyətini qeyd etməklə yaşaşı, Təhsil Nazirliyinin gerçəkləşdirdiyi teledərslərin də əhəmiyyətini vurğulayır. “Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan teledərslərdə iştirak edir və dərslərimi daha həvəslə oxuyuram” - deyə yazan C.Quliyev gələcəkdə həkim olmaq arzusunda olduğunu da bildirir.
Bakı şəhəri, Binəqədi rayonundan Məmmədov Murad İlyas oğlunun Prezidentə ünvanladığı məktubda . “... Sadə insanlar Sizin üçün dua edirlər. Mən gözəl şəhərimizə, göz oxşayan parklara görə də Sizə dərin təşəkkürümü bildirirəm. Bakıda aparılan işlərə görə çox xoşbəxtəm. Bu, Sizi və Sizin siyasətinizi dəstəkləyən xalqı birləşdirir”.
Siyəzən rayonundan Balabəy Balabəyov öz məktubunda qeyd edir ki, Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və nəzarətdə saxlanır.
“Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sahəsində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı. Bundan əlavə, insanların evdə qalmaları ilə əlaqədar yarana biləcək problemlər də nəzərə alındı, onların sosial rifahı ilə bağlı qərarlar qəbul olundu. Aztəminatlı ailələrə 190 manat vəsaitin verilməsi ilə bağlı Sərəncam imzaladınız. Ölkənin iş adamları da çağırışınıza qoşularaq insanlara çətin durumda dəstək oldular” - deyə B.Balabəyov vurğulayıb.
İradə SARIYEVA