BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qətnamələrinin həyata keçirilməsində ən vacib addım 2019-cu ilin aprel ayında Moskvada qəbul edilmiş sənədin imzalanmasıdır. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, bu, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilmiş sənəddir: “Bu sənədlər nizamlanmanın mərhələli yanaşma əsasında irəliləməsini nəzərdə tutur. Birinci mərhələ ən aktual problemlərin həlli, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsi, nəqliyyat, iqtisadi və digər kommunikasiyalarla bağlıdır”.
Ən vacib məqamlardan biri ondan ibarətdir ki, Lavrov mövcud danışıqlar formatını birmənalı dəstəklədi: “O vaxtdan bəri biz dəfələrlə danışıqlara başlamışıq, özü də müxtəlif formatlarda. Amma indi danışıqların Bakı-Yerevan, ATƏT-in Minsk qrupunun üç həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi formatı müəyyən edilib. Bu, BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq və razılığa gəlmək tələbini təcəssüm etdirən faydalı və yaxşı formatdır”.
Bu o deməkdir ki, Lavrov ermənilərin separatçı qurumu danışıqlara qatmaq cəhdlərini açıq rədd etdi. Hansı ki, Paşinyan baş nazir olandan sonra dəfələrlə separatçı qurumun danışıqlarda tərəf olmasına cəhd edib, amma buna nail ola bilməyib.
“Lavrov birbaşa BMT qətnamələrinə əsaslanan həll variantlarının üzərində dayandı”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı məlum həll paketlərini gündəmə gətirməsi, mərhələli həll planını qabartması Moskvanın konfliktin həllinə töhfə verəcəyi anlamına gəlməməlidir. Sergey Lavrovun mərhələli həll planı üzrə “Kazan formulu”nu irəli sürməkdə məqsədi prosesin Rusiyanın nəzarətində olduğunu göstərmək və bu istiqamətdə çalışmalarının getdiyini nümayiş etdirməkdir. Əgər Rusiya bu planı qəbul edirsə, niyə vassalı Ermənistandan ərazilərin qaytarılmasını tələb etmir?! Rusiyanın mövqeyi daim aydın olub. Problemi qabardır və həll variantlarını qəbul edir. Ancaq real bir irəliləmə kontekstində geri çəkilir. Razılaşmanı hər iki tərəfin öhdəliyinə buraxmaqla, Ermənistan tərəfinə stavka edir. S.Lavrovun da taktikası budur. Sadəcə, Kreml Paşinyan hakimiyyətinə hirsli olduğu üçün açıq kontekstdə danışır. Lavrov, təbii ki, separatçıların adını çəkə bilməz. Həll variantlarında separatçıların iştirakı qeyd edilmir. Ona görə də Lavrov birbaşa BMT qətnamələrinə əsaslanan həll variantlarının üzərində dayandı. Bütövlükdə, onun bu cür yanaşması separatçıların danışıqlarda iştirakına sədd çəkir. Görünən odur ki, separatçıların danışıqlarda tərəf olmasını həmsədrlər qəbul etmirlər”.
Vidadi ORDAHALLI