Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində substantiv danışıqların intensivləşdirilməsini tələb edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib:“Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır”.
Görünən budur ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində maraqlı proseslər cərəyan etməkdədir. Bir tərəfdən münaqişənin həlli istiqamətində hərəkətlilik artdığı bir zamanda, digər tərəfdən işğalçı Ermənistanın danışıqlar prosesinə maneçilik törətmək kimi cəhdləri özünü göstərir. Bu kimi hallar isə tərəflər arasında yüksək səviyyəli görüşü təxirə salır. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər. “Substantiv mahiyyət", "substantiv danışıqlar" Azərbaycana məxsus anlayışlardır. Ermənilər bu anlayışdan qaçır. Mnasakanyan açıqlamasında Ermənistanın danışıqları sürətləndirməyəcəyini açıq şəkildə bəyan edir. Göründüyü kimi, vasitəçilər daha çox münaqişə tərəfləri arasında etimad atmosferinin kritik həddə gəlməsi və bunun nəticəsi olaraq atəşkəsə artan təhlükədən, təmas xəttində gərginliyin artmasından narahatdırlar. Odur ki, hər hansı şəkildə sülh prosesinə yeni bir təkan verməyə çalışırlar. Ancaq keçirilən görüşlərin faydası olmur. Artıq Azərbaycan XİN mənasız görüşlərin faydasına inanmır. Məsələ də ondadır ki, substansiv danışıqlar üçün danışıqlar da, hələ ki, nəticə vermir. Belə qənaət hasil olur ki, substansiv danışıqların bərpa olunmasına bəslənilən ümidlər 2020-ci ildə də nəticəsiz başa çatacaq. Danışıqların irəli aparılması, substantiv danışıqların başlaması üçünsə ilk növbədə işğalçı Ermənistan üzərində yeganə söz sahibi olan Rusiyanın siyasi iradəsi lazımdır. Artıq bu iradənin ilkin cücərtiləri özünü göstərməyə başlayıb.
Məhəmmədəli QƏRİBLİ