Beynəlxalq "Sərhədsiz Reportyorlar" təşkilatı dünyada söz və KİV azadlığının vəziyyətini qiymətləndirən "Dünyada mətbuat azadlığı indeksi"ni dərc edib. Hesabatda 180 ölkədəki vəziyyət təhlil edilib. Hesabatda Azərbaycanla bağlı görünməmiş qərəzli yanaşma sərgilənib. Qeyd edilib ki, guya ötən illə müqayisədə vəziyyət daha da pisləşib və Azərbaycan 166-cı yerdən 168-ci yerə geriləyib.
Guya bu ilin əvvəlindən seçkilərdə saxtakarlıqları və müxalifətin mitinqlərini işıqlandıran jurnalistlərin təqibi dalğası başlayıb. Əsas müstəqil xəbər saytları bloklanıb. İddia olunur ki, mühacirətdəki jurnalistləri susdurmaq üçün hakimiyyət onların Azərbaycanda qalan ailə üzvlərini təqib edir. Bundan başqa, hakimiyyət guya Gürcüstanda və Ukraynada azərbaycanlı jurnalistləri həbs edir və Fransada jurnalistlərə qarşı iddia qaldırır.
Təşkilat hesab edir ki, ümumilikdə, bütün keçmiş SSRİ məkanında vəziyyət pisləşib. Demək olar ki, bütün keçmiş SSRİ respublikaları mətbuatı boğanlar arasında yer alıb. Norveç, Finlandiya və Danimarka ən azad mətbuatı olan ölkələr olaraq qalır. Ən pis vəziyyət Eritreya, Türkmənistan və Şimali Koreyada qeydə alınıb. Müstəqil mətbuata fiziki zorakılıq və təzyiq halları çoxalıb. Eyni zamanda, mötəbər olmayan məlumatın nəşrində şübhəli bilinən KİV-ə etimadsızlıq artıb.
"Sərhədsiz Reportyorlar" təşkilatının 180 ölkə arasında Azərbaycanı 168-ci yerdə göstərməsi açıq-aşkar qərəzli yanaşmanın göstəricisidir. Belə çıxır ki, mətbuat azadlığına görə Azərbaycan ən ucqar və təcrid olunmuş Afrika ölkəsindən belə geri qalır. Buna isə indiki dövrdə heç kəs inanmaz. Bununla yanaşı, mətbuat azadlığı ilə bağlı Azərbaycanda mənfiyə doğru nə dəyişdi ki, 2 pillə də gerilədik? O baxımdan qərəzli münasibət açıq-aşkar ortadadır.
“Sözügedən təşkilatın hesabatında ölkəmizlə bağlı məqamlar tamamilə əsassızdır”
Məsələyə münasibət bildirən Demokratik Jurnalistlər Liqasının sədri, media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, bu onu göstərir ki, dünya dəyişsə də, bəzi təşkilatların Azərbaycana olan qərəzli münasibəti dəyişmir: “Belə olmasaydı, o zaman "Sərhədsiz Reportyorlar" təşkilatı bu dərəcədə qərəzli hesabatla çıxış etməzdi. Bütün dünya koronavirusla əlaqədar qlobal bir problemlə məşğuldur. Virus yayılana qədər dünyanın inkişafı ilə bağlı proqnozlar fərqli idi. İndi isə yanaşma dəyişib. Əksər fikirlər ondan ibarətdir ki, koronavirusdan sonra dünya əvvəlki kimi olmayacaq. Ümumilikdə, çox şey dəyişəcək. Ancaq biz görürük ki, media və insan haqlarından danışan bəzi təşkilatların Azərbaycana olan qərəzli münasibəti dəyişməyib. O cümlədən, "Sərhədsiz Reportyorlar" təşkilatı da belə qurumlardandır. İndiki dövrdə monitorinqlər əsasında ciddi araşdırma aparılmalıdır. Ətraflı statistika aparılmalıdır ki, vəziyyət nə yerdədir. Ondan sonra hesabatla çıxış etmək lazımdır. Ancaq sözügedən təşkilatlar köhnə bəyanatları götürərək belə qərəzli yanaşma sərgiləyirlər. Ölkəmizin yerini daha da aşağı pillələrə salırlar. Guya Azərbaycanda medianın vəziyyəti daha da pisləşib. Bu bir daha onu göstərir ki, Azərbaycanda hansı müsbət yeniliklərin olmasından asılı olmayaraq, onların məkrli niyyətləri bəllidir. Bu baxımdan hesab edirəm ki, "Sərhədsiz Reportyorlar" təşkilatının hesabatında Azərbaycanla bağlı məqamlar tamamilə əsassızdır”.
Vidadi ORDAHALLI