Məlum olduğu kimi, pandemiya ilə əlaqədar olaraq ölkəmizdə tətbiq edilən sərt karantin rejimi çərçivəsində Azərbaycan dövlətinin bütün sərhədləri bağlıdır. Ölkəmizə giriş-çıxış yoxdur və buna görə də hazırda xarici ölkələrdə olan Azərbaycan vətəndaşları yaşadıqları ölkədə qalıblar və Azərbaycan dövləti vətəndaşlarımıza tövsiyə edib ki, virus bitənə qədər yaşadıqları ölkədə qalsınlar, problem həll olunan kimi onlar ölkəmizə təxliyyə ediləcəklər.
Bu gün xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz vətəndaşlarımızın problemlərinə biganə yanaşmır, onlara bacardıqları qədər dayaq olur, dəstək göstərirlər. Səfirliklərin “qaynar xətt”i də vətəndaşlarımızın istifadəsinə verilib.
Bildiyimiz kimi, Rusiyada yaşayan vətəndaşlarımızın bəzi problemlərlə üzləşdiyi haqda məlumatlar yayılıb. Bu ölkədə yaşayan Azərbaycan vətəndaşları ölkəmizin sərhədləri bağlandıqdan sonra vətənə qayıtmağa daha çox cəhd edirlər. Hətta bir neçə gün əvvəl Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bu ölkədə yaşayan vətəndaşlarımıza çağırışlar edərək onları qaldıqları yerdən çıxmamağa və sərhədə yığışmamağa çağırmışdı. Bildirmişdi ki, indi durum pandemiya ilə əlaqədar pisdir, vəziyyət düzələn kimi dövlət tərəfindən vətəndaşlarımızın ölkəmizə təxliyyəsi həyata keçiriləcək.
Qeyd edək ki, səfirlik dəfələrlə bu məzmunda vətəndaşlara çağırışlar edib. Aprelin 17-də yenidən Azərbaycan səfirliyi Rusiyadakı azərbaycanlılara çağırış edib.
Bununla əlaqədar səfirliyin yaydığı məlumatda bildirilir: "Məlum olduğu kimi, yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti olaraq bağlanıb. Azərbaycan Respublikasının bir sıra vətəndaşları müxtəlif səbəblərdən ölkəni tərk edə bilməmiş və məcburən Rusiya Federasiyası ərazisində qalıblar".
Məlumatda qeyd olunub ki, ölkə daxilində tətbiq edilən ciddi karantin tədbirləri səbəbindən onların bir çoxu çətin vəziyyətə düşüb, praktiki olaraq, hər hansı gəlirdən məhrum olub, sağlamlıqları ilə bağlı problemlərlə üzləşib, bəziləri isə xəstəxanaya yerləşdirilib və ya özünütəcrid rejimindədir: "Çox təəssüf ki, onların sırasında yaşayış və gündəlik qida xərclərini ödəmək iqtidarında olmayan şəxslər də var. Azərbaycanın məsul vəzifəli şəxsləri və Nazirlər Kabineti yanında Operativ Qərargahla daim əlaqə saxlayırıq. Biz Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi və digər rəsmi qurumları ilə koordinasiya edilmiş şəkildə öz diplomatik səlahiyyətlərimiz və məhdud imkanlarımız çərçivəsində vətəndaşlarımızın vəziyyətinin yüngülləşdirilməsi üçün mümkün olan köməkliyi göstərməyə və lazımi tədbirlər görməyə davam edirik".
Eyni zamanda, vurğulanıb ki, səfirlik yüksək hazırlıq rejiminə keçib və 24 saat fəaliyyət göstərən "qaynar xətt" yaradılıb: "Gərgin iş nəticəsində qısa zaman ərzində iki mindən artıq vətəndaşımızın vətənə qayıtması təmin edilib. Səfirliklə əlaqələndirilmiş şəkildə və ya fərdi qaydada ehtiyacı olan Azərbaycan vətəndaşlarına hər hansı bir köməklik göstərən bütün şəxslərə öz dərin minnətdarlığımızı bildirir və bu cür addımları yüksək qiymətləndiririk".
Səfirlik Azərbaycanın Rusiyadakı diasporuna da müraciət edib: "Diaspor təşkilatlarına, iş adamlarına, imkanlı azərbaycanlılara müraciət edərək Rusiyada yaşayan bütün soydaşlarımızı həmrəylik nümayiş etdirərək, keçmiş fikir ayrılıqlarını, anlaşılmazlıqları geridə qoyaraq və yersiz populizmə, gərəksiz söhbətlərə və təhqirlərə yol vermədən bir-birinə yardım əli uzatmağa və öz həmyerlilərinə istənilən mümkün dəstəyi göstərməyə çağırırıq. Öz tərəfimizdən bu cür humanitar fəaliyyətin əlaqələndirilməsini davam etdirməyə hazır olduğumuzu bildirir və hər bir kəsə sağlamlıq və səbr arzulayırıq. Bu gün yaranmış kəskin zərurət qarşısında Rusiyadakı bütün azərbaycanlıları Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına qoşulmağa dəvət edirik. İnanırıq ki, müdrik Azərbaycan xalqı bütün dünyanı cənginə almış bu çox ağır vəziyyətdən, bu böyük sınaqdan şərəflə çıxacaq!".
Rusiyada yaşayan azərbaycanlı iş adamları, milyonçular, eləcə də diaspor qurumları nə üçün hazırda əziyyət çəkən vətəndaşlarımıza dəstək göstərmirlər? Onlar səfirliyin çağırışına əməl etməkdə niyə gecikirlər?
“Həmin imkanlı şəxslər hazırda pandemiya ilə bağlı Rusiyada qalan vətəndaşlarımızın taleyinə laqeyd yanaşmamalı,onların bütün mövcud problemlərinin həllində yaxından iştirak etməlidirlər”
“Novoye vremya” qəzetinin baş redaktoru, tanınmış siyasi icmalıçı Şakir Ağayev baki-xeber.com-a bildirdi ki, dövlət bu istiqamətdə əlindən gələni edir, səfirlik vətəndaşlarımızın vəziyyətini daim nəzarətdə saxlayır. Ş.Ağayev hesab edir ki, Rusiyadakı Azərbaycan diasporları, eləcə də imkanlı iş adamları səfirliyin çağırışını gözləmədən hazırda ağır durumda olan vətəndaşlarımıza dəstək göstərməlidirlər. Amma təəssüf ki, onların bununla bağlı addımlar atmadığını və pis vəziyyətdə olan insanların Dağıstana axın etdiyini deyən Ş.Ağayevin sözlərinə görə, onlar sərhədə yığışırlar. Səfirliyin bu halın qarşısını almaq üçün növbəti dəfə çağırış etdiyini, bəyanat yaydığını deyən Ş.Ağayevin bildirdiyinə görə, sərhədə yığışan vətəndaşları təmin etmək, onları yerləşdirmək çətindir. “Bizim vətəndaşlar bilməlidirlər ki, səfirlik dövlət büdcəsindən maliyyələşən qurumdur və onun bütün vətəndaşları maddi cəhətdən, habelə qalacaq yerlə təmin etmək imkanı yoxdur. Səfirlik Azərbaycanın Xarici İşlər Nazirliyinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına uyğun fəaliyyət göstərən bir təşkilatdır. Səfirlik qanun çərçivəsində ona verilən imkanlardan istifadə edərək işlər görür.
Bu gün Rusiyada qalan Azərbaycan vətəndaşlarından bizim qəzetə də müraciət edənlər, ağır durumda olduqları haqqında məlumat verənlər çoxdur. Çox təəssüf ki, belə bir vəziyyət yaranıb. Həmin vətəndaşlarımızın bu gün maddi imkanları demək olar ki, tükənib. Hazırda Rusiyada çox ağır durumda qalan Azərbaycan vətəndaşlarının problemlərinin həll edilməsində, onların ehtiyaclarının ödənilməsində bu ölkədə yaşayan imkanlı azərbaycanlılar yaxından iştirak etməlidirlər. Onlar buna görə heç dövlətin çağırışını belə gözləməməli, əksinə, özləri buna təşəbbüs göstərməlidirlər. Bu gün ən çox imkanlı azərbaycanlıların yaşadığı ölkələrdən biri Rusiyadır. Mən o şəxslərin adlarını çəkmək istəmirəm, çünki onları hamı tanıyır, adlarını hər kəs bilir. Vaxtilə bizim Rusiyada çox böyük diaspor təşkilatımız var idi. Təəssüf ki, indi orada bizim bir mütəşəkkil diaspor təşkilatımız yoxdur. Amma imkanlı adamlar var. Təbii ki, həmin imkanlı şəxslər hazırda pandemiya ilə bağlı Rusiyada qalan vətəndaşlarımızın taleyinə laqeyd yanaşmamalı,onların bütün mövcud problemlərinin həllində yaxından iştirak etməlidirlər. Doğrudur, hamıya kömək etmək mümkün deyil. Amma iş adamları maddi durumu, sağlamlığı ağır olan, qalacaq yeri, yeyəcəyi olmayan vətəndaşlarımıza dəstək göstərməlidirlər. Hesab edirəm ki, hazırda ağır vəziyyətdə olan insanların sayı elə də çox deyil, o insanlara dayaq olmaq, köməklik göstərmək çox vacibdir. Bu gün səfirlik bununla bağlı həmin şəxslərə səslənib. Fikrimcə, Rusiyadakı azərbaycanlı iş adamları pandemiya ilə bağlı ölkəmizə gələ bilməyən ağır vəziyyətdə olan vətəndaşlarımıza ciddi dəstək göstərməlidirlər”.
Ş.Ağayev qeyd etdi ki, imkanlı şəxslər həqiqətən ağır durumda olan şəxslərə köməklik göstərirsə, yardım edirsə, bir çox halda heç ehtiyacı olmayan şəxslər də o yardımdan yararlanmağa can atırlar. “Amma ən ağır vəziyyətdə olan insanlara kömək etmək, onların biletini alıb imkan düşən kimi yola salmaq, onları təmin etmək olar. Mən özüm bir neçə dəfə bu durumla bağlı bəzi diaspor rəhbərlərinə müraciət etmişəm. Onlar göstərirlər ki, kimlərəsə ərzaqla, başqa şeylərlə kömək göstəriblər, yaşadıqları ərazidə yaşayan hər kəsə yardım edirlər. Bu təqdirəlayiq haldır. Amma diaspor, ilk növbədə, öz vətəndaşlarımıza dayaq durmalıdır, onlara kömək etməlidir ki, o adamların üzləşdiyi problem həll olunsun, onlar sağ-salamat Azərbaycana gətirilsinlər. Rusiyada bizim dünyanın milyonerləri sırasında olan azərbaycanlılar var. Hər şeyi dövlətdən ummaq düzgün deyil, çünki dövlət əlindən gələni edir. Rusiyadakı çox varlı iş adamları da dövlətimizlə, xalqımızla birlik nümayiş etdirərək bu məsələdə dövlətimizə ciddi dəstək sərgiləməli, çəkilib kənarda durmamalıdırlar”.
Ş.Ağayev hesab edir ki, bu ağır durumda, iqtisadi çətinliyin mövcud olduğu halda Rusiyadakı iş adamları hərəkətə keçməli, vətəndaşlarımıza yardımlar etməlidirlər. Onun sözlərinə görə, vətəndaşlarımızın vəziyyətilə bağlı Diaspor Komitəsi də Rusiyadakı iş adamlarına müraciət etməlidir. “Hesab edirəm, imkansız insanlara qayğı, yardım göstərmələri üçün Diaspor Komitəsi də Rusiyadakı azərbaycanlı milyonçulara müraciət etməlidir. Bizim Rusiyada bir normal diasporumuz yoxdur ki, insanlar ora müraciət edib qeydiyyatdan keçsinlər. Təəssüflər olsun ki, bizim hazırda Rusiyada diaspor fəaliyyətilə məşğul olanların bəziləri Azərbaycan dövlətinə kömək etmək əvəzinə, Azərbaycan dövlətindən kömək umurlar. Bütün dünyada başqa cürdür, diaspor təşkilatları öz dövlətinə yardım edir, bizdə isə tərsinədir, bizimkilər dövlətdən kömək istəyirlər. Son proses də göstərdi ki, bu gün bizim Rusiyada güclü bir diaspor təşkilatı qurmağa ehtiyacımız var. Diaspor qurumu da həmin ölkələrdə yaşayan soydaşlarımızın problemlərinin həlli üçün çalışmalıdır. Bəziləri “xeyriyyəçiliklərini” sosial şəbəkələrdə yayırlar, yardım bağlamalarını nümayiş etdirib özlərini reklam edirlər. Xeyirxahlıq özünü reklam etmək deyil” - deyə Ş.Ağayev vurğuladı.
İradə SARIYEVA