Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni formalaşan parlamentin ilk iclasındakı çıxışında Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinin, siyasi partiyaların cəmiyyətdəki rolunun artırılmasının zəruri olduğunu qeyd edib:
“Deyə bilərəm ki, həm altıncı çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək, eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirirlər. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə, ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır”.
Göründüyü kimi, ölkə başçısı qeyd edir ki, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Prezident bildirir ki, bu praktikaya son qoyulmalıdır. Bu çıxışdan belə nəticəyə gəlmək olarmı ki, ölkədəki siyasi partiyaların yeni qeydiyyat prosesinə başlana bilər?
Elşən Həsənov: “Maraqlı olan budur ki, qeydiyyatdan keçən partiyaların bir çoxunun yalnız adı və sədri var”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə bildirdi ki, Azərbaycanın siyasi palitrasını müəyyən edən bütün siyasi partiyaların, həm iqtidaryönümlü, həm də müxalif partiyaların fəal olması lazımdır: “Hiss olunur ki, son vaxtlar hakimiyyətin başlatdığı islahat kursu bu sahəni də əhatə etməyə hazırlaşır. Hakimiyyət nümayəndələri ilə partiya rəhbərlərinin görüşünü buna misal çəkə bilərik. Ən başlıcası isə ölkə başçısının parlamentdəki çıxışından göründü ki, siyasi partiyalarla da bağlı islahatların aparılmasına zərurət yaranıb. Bu islahatlara ilk olaraq partiyaların qeydiyyatından başlamalıyıq. Ölkədə qeydiyyatdan keçmiş 55 partiyanın olduğu deyilir. Ancaq qeydiyyata alınmayan partiyalar da var. Biz məsələyə tam ədalətli yanaşsaq, ortaya siyasi partiya adına layiq olan çox az sayda təsisat çıxacaq. Maraqlı olan budur ki, qeydiyyatdan keçən partiyaların bir çoxunun yalnız adı və sədri var, amma qeydiyyata alınmayan fəal partiyalar fəaliyyətlərini legitimləşdirə bilmirlər. Görün vəziyyət nə yerə çatıb ki, vaxtilə partiyasını qeydiyyatdan keçirməyi bacarmış şəxslər hətta adı, partiyanı satmaqla bağlı bazarlıq da edirlər. Bütün bunlar partiya adı ilə qeydiyyatdan keçən qurumların heç də hamısının siyasi fəaliyyətlə məşğul olmadığını təsdiqləyir. Bizim partiya çox fəal fəaliyyət göstərir. Bütün seçkilərdə iştirak edirik, amma sənədlərimiz bir neçə dəfə qeydiyyatdan geri qaytarılıb. Hesab edirəm ki, ölkə başçısının siyasi partiyaların yaradılması ilə bağlı meyarların müəyyən edilməsi tələbini irəli sürməsi çox doğrudur. Partiya adı ilə qeydiyyatdan keçib, sonra siyasi fəaliyyətlə məşğul olmamaq hansı anlama gələ bilər? Partiyaların yenidən qeydiyyatının keçirilməsini biz də tələb edirik. Qoy meydanda əsl siyasətlə məşğul olan təsisatlar qalsın”.
Məhəmmədəli QƏRİBLİ