Prezident İlham Əliyev Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edib, sosial sahədə mövcud vəziyyətlə bağlı nazirdən hesabat alıb və öz fikirlərini bildirib:
- Sosial sahədə aparılan islahatlar bu il davam etdirilir. Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Xüsusilə keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırıldı, çox böyük sosial paket icra edildi. Bu bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir.
Bu il bu istiqamətdə növbəti addımlar atılır və atılacaq. Pensiyaların artırılması təmin edildi.
Göstəriş vermişdim ki, dövlət dəstəyinə ehtiyacı olan bütün vətəndaşlar…
-Pensiya təminatının alıcılıq qabiliyyətinə görə Azərbaycanın MDB məkanında birinci yerdə olması, hesab edirəm ki, böyük nailiyyətdir. Əlbəttə, iqtisadi imkanlarımız genişləndikcə biz bu vəsaiti, ilk növbədə, sosial məsələlərin həllinə yönəldəcəyik.
Ünvanlı sosial yardımla bağlı sizə göstəriş vermişdim ki, onun əhatə dairəsi genişləndirilsin. Son müddət ərzində iqtisadi sahədə canlanma var, iqtisadi artım təmin edilir, o cümlədən sənaye istehsalında, - qeyri-neft sektorunda sənaye istehsalı təqribən 15 faizə yaxın artıbdır, - yeni iş yerləri yaradılır, vətəndaşlar üçün yeni imkanlar açılır. Ancaq buna baxmayaraq, mən göstəriş vermişdim ki, hələ də dövlət dəstəyinə ehtiyacı olan vətəndaşların dövlət təminatı təmin edilsin və bu vətəndaşların sayı artırılsın.
Hər ailə 215 manat əlavə alacaqsa…
-Hər ailə dövlətdən 215 manat alacaqsa, əlbəttə ki, bu ailələrin sosial təminatı daha da yaxşı olacaq.
İlin əvvəlində mən göstəriş vermişdim ki, bu il şəhid ailələri və müharibə veteranları üçün daha çox sayda evlər tikilsin. Biz bu vətəndaşların sosial təminatını ildən-ilə yaxşılaşdırırıq. Keçən il 934 ailəyə ev verilib. Mən göstəriş vermişdim ki, biz bu həcmi artıraq və bu il 1500 ailə üçün evlərin təqdimatı nəzərdə tutulur.
Mal-qara ilə təmin olunan bəzi vətəndaşlar həmin mal-qaranı bazarda satır…
-Özünüməşğulluq proqramı ilə bağlı hansı işlər görülür? Mən göstəriş vermişəm ki, bu proqramın əhatə dairəsi genişləndirilsin. Eyni zamanda, biz Dünya Bankını bu məsələyə cəlb etdik. Mənim Dünya Bankının icraçı direktoru ilə Davosda keçirdiyim görüşdə bu məsələ müzakirə olundu. Dünya Bankı bizə həm maliyyə dəstəyi göstərəcəkdir, eyni zamanda, məsləhət xidmətlərini təmin edəcəkdir.
Siz mənə məruzə etmişdiniz ki, tələbat kifayət qədər böyükdür. Təqribən 50 minə yaxın müraciət olubdur. Mən göstəriş vermişdim ki, bu il ən azı 10 min insan bu proqramla əhatə olunsun. Proqramla əhatə olunma istiqamətində, əlbəttə ki, nazirlik tərəfindən meyarlar işlənilib, təmin edilib, vətəndaşlar treninqlərdən keçiblər. Ancaq əsas məsələ ondadır ki, vətəndaşları bu işə cəlb edəndən sonra özünüməşğulluqla bağlı monitorinq keçirilsin. Çünki dünya praktikasında özünüməşğulluq proqramı ilə əhatə olunan cəmi vətəndaşların təqribən 50 faizi bu imkandan səmərəli şəkildə istifadə edə bilir. Məsələn, elə hallar var ki, rayon və kənd yerlərində mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır və beləliklə məsuliyyətsizlik göstərirlər. Halbuki, bu işdə əsas məqsəd ondan ibarətdir ki, vətəndaşlar verilən vasitələrlə öz dolanışıqlarını sonra özləri təmin etsinlər. Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu dözülməzdir. Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir. Ona görə ki, dövlət öz xoş niyyətini göstərir. Ancaq vətəndaşlar da buna məsuliyyətlə yanaşmalıdırlar. Özünüməşğulluq proqramı ilə əhatə olunmaq istəyənlərin sayı kifayət qədər çoxdur və kriteriyalar əsasında onların arasında seçim edilir. Əgər bu proqrama düşən vətəndaşlar özlərini belə aparacaqlarsa, əlbəttə ki, çox ciddi tədbirlər görülməlidir. Bu il bu istiqamətdə hansı işlər görülüb və ilin sonuna qədər hansı işlər görüləcəkdir?
…insanları istismar edirlər…
- Qeyri-formal məşğulluqla bağlı mənim müvafiq göstərişlərim yerinə yetirilir. Mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məruzələr edilir. Mənə verilən məlumata görə, son müddət ərzində 300 mindən çox işçi ilə əmək müqaviləsi bağlanmışdır. Yəni, bu işlər rəsmiləşdirilmişdir. Burada, əlbəttə ki, çox ciddi monitorinq tədbirləri keçirilməlidir. Bu, məsələ ilə bağlı sizə müvafiq göstərişlər verilmişdir. Eyni zamanda, sistem xarakterli, institusional tədbirlər də nəzərdə tutulur ki, qeyri-rəsmi məşğulluğun əhatə dairəsi daralsın. Əlbəttə ki, burada maarifləndirmə də xüsusi rol oynayır. Mən də bir neçə dəfə vətəndaşlara müraciət edərək demişdim ki, əgər hansısa sahibkar onlara bu formada işləmək təklif edirsə, buna razı olmasınlar, dərhal müvafiq yerli və mərkəzi icra orqanlarını məlumatlandırsınlar. Çünki əgər qeyri-rəsmi işləyəcəklərsə, sabah onların nə pensiyası, nə də sosial sığortası olacaq, xüsusilə nəzərə alsaq ki, bu ildən başlayaraq ölkə ərazisində icbari tibbi sığorta sistemi mərhələli şəkildə tətbiq olunur. Mənə verilən məlumata görə, həm pilot şəhərlərdə, həm də bu il başlanmış bu işə əhali tərəfindən çox böyük dəstək, böyük maraq var. Ona görə belə təkliflərdən vətəndaşlar özləri imtina etməlidirlər. Amma bəzi hallarda çarəsiz qalırlar. Bəzi hallarda məcbur olub sahibkarların qanunsuz təkliflərinə razılıq verir, qeyri-formal işləyirlər.
Ona görə maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Rəsmiyyətə düşməyən işçiləri işlədən sahibkarlara qarşı ciddi sanksiyalar, cərimələr tətbiq edilməlidir. Eyni zamanda, göstəriş vermişəm ki, Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir. Çünki insanları istismar edirlər. Onlar da çarəsiz qalıb, məcbur olub buna razılıq verirlər. Ona görə vətəndaşlarla nazirlik arasında çox fəal canlı bağlantı olmalıdır. Siz həm öz imkanlarınızdan istifadə edərək monitorinqlər aparmalısınız, eyni zamanda, Qaynar xətlər, yaxud da digər əlaqə vasitələrilə vətəndaşlarla daim təmasda olmalısınız. Bilirəm ki, bu istiqamətdə işlər aparılır. Bilmək istərdim ki, o işlər nə yerdədir.
…bəyənmə əmsalı 95 faiz…
-Bu il də DOST mərkəzlərinin tikilməsi nəzərdə tutulur. Keçən il biz iki mərkəzin açılışını etdik. Mən şəxsən açılışlarda iştirak etmişəm. Bu mərkəzlərdən biri keçən ilin may ayından fəaliyyətdədir. Bu proqram doğrudan da bu sahədə dönüş nöqtəsi oldu. Hesab edirəm ki, bu sahədə göstərilən xidmətlərin təkmilləşdirilməsi inqilabi xarakter daşıyır. Təbii ki, vətəndaşların məmnunluğu da yüksək səviyyədədir. Ona görə mən soruşdum ki, bəyənmə əmsalı hansı səviyyədədir - 95 faiz, əlbəttə ki, yeni yaradılmış xidmət üçün çox yüksək nəticədir. Hesab edirəm ki, gələcəkdə bu mərkəzlərin həm regional xarakter daşıması, eyni zamanda, funksiyaların, xidmətlərin artırılması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi, səmərəsi daha da yüksələcək. Beləliklə, Azərbaycan bu sahədə də öz intellektual məhsulu ilə fərqlənəcək. Necə ki, bu gün “ASAN xidmət” mərkəzləri bizim intellektual brendimizdir və artıq digər ölkələr bu təcrübədən yararlanırlar, hesab edirəm ki, vaxt gələcək digər ölkələr də DOST mərkəzlərində göstərilən xidmətləri əsas götürərək belə sistemin yaradılmasına nail olacaqlar. Biz də istənilən tərəfdaşla bu istiqamətdə işləməyə hazırıq. Əgər sizə bu məsələ ilə bağlı hansı ölkələrdən müraciət olunarsa, əlbəttə ki, məsləhətləşmə əsasında müvafiq məlumatları verə bilərsiniz.
İcra başçısı 73 nəfəri öz qapısında qul kimi işlədib…
Bir məsələ də çox ciddi xarakter daşıyır. Neftin qiymətinin kəskin düşməsi nəticəsində, təbii ki, biz dövlət investisiyalarını kəskin ixtisar etdik. Bunun nəticəsində işsizliyin səviyyəsi artmışdır. Bu da təbiidir. Çünki işsizliyi aşağı səviyyədə saxlamaq üçün dövlət bütün mexanizmlərdən istifadə edir. Əgər biz görsək ki, özəl sektorda haradasa işlər ixtisar olunur, əlbəttə, mənim göstərişimlə dövlət dərhal öz sözünü deməlidir. 2015-2016-cı illərdən başlayaraq mənim tapşırığımla ödənişli ictimai işlər yaradılmışdır. Bu işlərin yaradılmasının əsas səbəbi işsiz qalan vətəndaşları işlə təmin etməkdir. Mənim göstərişimlə bu proqramla əhatə olunan vətəndaşların sayı ildən-ilə artaraq, son məlumata görə, 38 min ödənişli iş yeri yaradılmalı idi. Bu məqsədlər üçün dövlət büdcəsində 10 milyonlarla manat vəsait nəzərdə tutulur. Göstəriş vermişdim ki, bu məsələyə çox ciddi nəzarət olunsun. Xüsusilə bölgələrdən gələn siqnallar bu nəzarətin tətbiqinə, əlbəttə ki, imkan yaratmışdı. Çünki bəzi hallarda insanların əməkhaqları verilmirdi, ödəniş kartları icra başçıları tərəfindən qanunsuz olaraq götürülürdü, mənimsənilirdi və s. Belə siqnallar ciddi şəkildə araşdırılmışdır. Bu və buna oxşar cinayətləri törədənlərə qarşı çox ciddi cəza tədbirləri tətbiq edildi. Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaqdır, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir. Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib. Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər. Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın. O da böyük məbləğ deyil, minimum əməkhaqqı səviyyəsindədir. İndi minimum əməkhaqqı artıb, ona görə bu vətəndaşlar daha böyük məbləğ alırlar. Amma bəzi hallarda bu pullar mənimsənilir. Yaxud da Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi. Bu nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq.
Mən sizə göstəriş vermişdim ki, sizin nazirlik çox ciddi monitorinq, uçot aparsın. Onu da bilirəm ki, siz bu uçotu tətbiq etməyə başlayanda yerli icra orqanları tərəfindən böyük müqavimətlə rastlaşdınız. Sizə qarşı təxribatlar törədildi, eyni zamanda, mətbuatda çirkin kampaniyalar aparıldı. Biz bu kampaniyanın sifarişçilərini də yaxşı tanıyırıq. Onların bizim aramızda yeri yoxdur. Ona görə nazirlik tərəfindən bütün bu işlər tam nəzarətə götürülməlidir.