Tarixi və mədəni irs bəşəriyyətin ortaq yaddaşı, keçmişlə gələcək arasında mənəvi körpüdür. Lakin təəssüf ki, münaqişələr və geosiyasi dəyişikliklər fonunda bu irsin qorunması əvəzinə, onun məqsədli şəkildə saxtalaşdırılması, zədələnməsi və ya talan edilməsi halları ilə qarşılaşırıq. Kelbəcər rayonu ərazisində yerləşən antik və orta əsr Alban memarlığının görkəmli nümunəsi olan Xudavəng (Dadivəng) monastır kompleksi ətrafında yaşanan son hadisələr bu baxımdan ciddi narahatlıq doğurur.
Belə ki, Monastır kompleksində Həsən Cəlal nəslindən olan hökmdarların təsvir edildiyi nadir freskaların, eləcə də regionun qədim Alban tarixi irsini, özünəməxsusluğunu sübut edən rəmz və naxışların silinməsi və ya zədələnməsi tarixi həqiqətlərin təhrif olunması cəhdidir. Mədəniyyət abidələri üzərindəki tarixi izlərin pozulması təkcə konkret bir regionun deyil, ümumilikdə dünya mədəni irsinin zənginliyinə vurulan ağır zərbədir. Din adamlarının və abidəni qorumalı olan şəxslərin bu növ əməllərdə iştirakı mənəvi və etik baxımdan qəbuledilməzdir. Bu dini dəyərlərin talançılıq faktıdır. Bütün bunlara məhəl qoymayan erməni din xadimləri, 2023-cü ilin sentyabrında ərazini tərk edərkən müqəddəs Dadinin qalıqlarını və digər tarixi-dini əşyaları götürərək aparmışlar. Bu dini etika ilə yanaşı, beynəlxalq hüquq normalarına da zidd addımdır. Müqəddəs hesab edilən məkanların və reliclərin (dini qalıqların) öz təbii və tarixi mühitindən çıxarılması, əslində dini dəyərlərə hörmətsizlik və açıq talançılıq kimi qiymətləndirilməlidir. Dini missiya sülhü, həqiqəti və tarixi irsi qorumağı tələb etdiyi halda, bu cür davranışlar dini örtük altında həyata keçirilən mədəni soyğunçuluq təəssüratı yaradır.
1954-cü il Haaqa Konvensiyasına əsasən, silahlı münaqişələr və ya ərazi dəyişiklikləri zamanı mədəni dəyərlərin qorunması, onların talan edilməsinin və ya zədələnməsinin qarşısının alınması dövlətlərin və fərdlərin öhdəliyidir. Xudavəng monastırında baş verənlər bir daha göstərir ki, mədəni irsin qorunması sahəsində beynəlxalq monitorinq və hüquqi mexanizmlər daha qətiyyətlə tətbiq olunmalıdır. Tarixi abidələri siyasi və ya milli iddiaların alətinə çevirmək, onları saxtalaşdırmaq və ya talamaq gələcək nəsillər qarşısında böyük məsuliyyət yaradır.
Rizvan QARABAĞLI
Memarlıq üzrə fəlsəfə doktoru