Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Yardımlı rayonunda korrupsiya faktları ilə bağlı əməliyyat keçirib. Trend-in məlumatına görə, əməliyyat çərçivəsində Yardımlı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı həbs olunub.
Belə ki, İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov saxlanılıblar.
Məlumata görə, həmin şəxslər qanunsuz torpaq satışı ilə bağlı əməllərdə şübhəli bilinirlər. Onlara qarşı vəzifədən sui-istifadə və korrupsiya ilə bağlı ittihamlar irəli sürülüb.
Hazırda faktla bağlı cinayət işinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilir. Məlumat Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Ayaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.