ABŞ-ın Belarus üzrə xüsusi elçisi Con Koul çərşənbə günü sosial mediada Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra Belarus penitensiar müəssisələrindən azad edilən bir qrup məhbusun fotosunu paylaşıb.
“Bu gün 25 məhbus azadlığa buraxıldı! Prezident (ABŞ) Donald Trampın birbaşa diplomatiyaya sadiqliyi öz bəhrəsini verir. Prezident Lukaşenko, bu addıma görə təşəkkür edirəm və Litvadakı dostlarımıza dəstəklərinə görə təşəkkür edirik. ABŞ-Belarus münasibətlərini yaxşılaşdırmağa davam edəcəyik və çox yaxın gələcəkdə daha çox insanın azadlığa buraxılmasını təmin etmək üçün çalışacağıq”, - deyə Koul yazıb.
Fotoda yayımlananlar arasında TUT.BY portalının baş direktoru Lyudmila Çekina , BelaPAN xəbər agentliyinin direktoru Dmitri Novojilov, Art Syadziba ictimai təşkilatının təsisçisi Pavel Belous, jurnalistlər Andrey Aleksandrov və Kirill Poznyak, politoloq Tatyana Kuzina, keçmiş müstəntiq Yevgeni Yuşkeviç, keçmiş təhlükəsizlik işçisi Kirill Qnezdilov, Tor Band qrupunun musiqiçiləri Yevgeni Burlo, Dmitri Qolovaç və Andrey Yaremçik və başqaları var.
Lukaşenko və Koul Minskdə danışıqlar aparıblar. Danışıqlardan sonra Koul ABŞ və Belarus arasında müvəqqəti razılaşmanın bağlandığını və iki Belarus şirkəti olan “Lakokraska” və “Bellesbumprom”a qarşı sanksiyaların ləğv edildiyini elan edib. O, öz növbəsində Minskin xoşməramlılıq jest əlaməti olaraq Belarus cəzaçəkmə müəssisələrindən 25 məhbusu azadlığa buraxdığını əlavə edib.
Tahir TAĞIYEV