Külək əsə-əsə kainatın ən qədim yaddaş kitabını vərəqləyən zamansız bir yolçudur. O, azad görünüşünün arxasında böyük bir nizamın şahidliyini daşıyır. Nə özbaşına istiqamət alır, nə də təsadüfən coşur; ya fizika qanunlarının sərt qaydalarına baş əyir, ya da aləmlərin Sahibinin görünməz əmri ilə bəşəriyyətin üzərindən keçib gedir. Əsrlər boyu nə qədər mahalları dolanıb, nə qədər qədim şəhərlərin, dar küçələrin və dinc evlərin pəncərəsinə toxunub... O, bəşər tarixinin həm səssiz, həm də ən canlı şahididir.
Bir vaxtlar bu meh şəhərlərin üzərindən ötəndə azanlı məscidlərdən ucalan ilahi dəvəti, kilsələrin zəng səsini, sinqoqlardan gələn duaları qanadlarında daşıyardı. Hər mahaldan mərdlik dastanı, hər evdən gülüş, hər küçədən bir xoş təəssürat qoparıb başqa bir diyara aparardı. İnsanlara ümid, torpağa nəfəs verərdi. Lakin son zamanlar onun pıça-pıçı da, gurlaması da dəyişib. İndi ya tamam səssiz, sanki incimiş kimi əsir, ya qəmgin bir həzinliklə keçir, ya da hərdən elə uğuldayır ki, elə bil qədim bir naləni ucaldır. Nə baş verdi küləyə? Niyə onun gətirdiyi səslər artıq əvvəlki tək deyil?
Əgər küləyi saxlayıb onunla həmsöhbət olsaq, bəlkə də insanlığın üzünə bu acı cavabı pıçıldayardı:
"Mən dəyişməmişəm, ey insan, sizin yaratdığınız dünya dəyişib. Mən yenə həmin qədim küləyəm, yenə səmanın əmrindəyəm, yenə fizikanın qanunları ilə addımlayıram. Amma keçdiyim yollar artıq əvvəlki kimi deyil.
Eynilə keçmişdəki kimi küçələrinizə, evlərinizə girirəm. Amma indi məscidlərinizdən, kilsələrinizdən və sinqoqlarınızdan səmimi dualardan çox, dünyəvi qayğılar ucalır. Evlərinizdən mərdlik və xoşbəxtlik sədası əvəzinə, soyuq divarların tənhalığı və betonların sükutu boylanır. Küçələrinizdə daha xoş təəssürat yoxdur; hər kəs öz telefonunun ekranına baxaraq yanımdan keçir, bir-birinin üzünə belə gülümsəmir. Mən hər gün minlərlə insanın içindəki gizli qəmi, sükutu və çığırığı toplayıram. Əgər indi qəmgin əsirəmsə, bu sizin içindəki kədərin əks-sədasıdır. Əgər gurlayıb nalə çəkirəmsə, bu mənim qəzəbim deyil — bəşəriyyətin unutduğu səmimiyyətə vurduğum son fəryaddır..."
Küləyin səsi əslində bizim öz əks-sədamızdır. O, sadəcə keçdiyi yerlərin ruhunu daşıyır. Nə qədər ki, evlərimizə xoşbəxtlik, küçələrimizə mərdlik, qəlblərimizə ilahi hüzur qayıtmayıb — külək də bizə ancaq itirdiyimiz o gözəl günlərin həsrətini fısıldayacaq.
Tural İBRAHİMOV
Publisist,
İbrahimxəlil xanın varisi