Nümayəndələr Palatasının Nəzarət Komitəsinin rütbəli Demokrat üzvü Vladimir Putinə yaxın olan rusiyalı iş adamı Umar Kremlyovun kiçik Donald Trampın toyunun bir hissəsinin xərcini ödədiyi barədə məlumatları araşdıra bilər. Bu barədə çərşənbə axşamı, 15 sentyabr tarixində Axios onlayn nəşri məlumat verib. Bir gün əvvəl Kaliforniya nümayəndəsi Robert Qarsiya Ağ Evin aparat rəhbəri Suzi Uaylsa məktub göndərib. O, məktubda bildirib ki, "Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki demokratlar Tramp ailəsinin prezident Donald Trampa yaxınlığından istifadə edərək varlanmağa çalışdıqları çoxsaylı yolları araşdırır". Trampa ünvanlanan başqa bir məktubda o bildirib ki, ProPublice-in Kremlyovun onun toyunun maliyyələşdirilməsindəki rolu ilə bağlı araşdırması ABŞ prezidentinin oğluna qarşı "indiyə qədər ən ciddi ittiham ola bilər". Axios qeyd edir ki, demokratlar 3 noyabrda keçiriləcək ara seçkilərdə Nümayəndələr Palatasına nəzarəti ələ keçirsələr, Qarsiya çox güman ki, baş konqres müstəntiqi olacaq. "Bu araşdırma onun bu rolda hansı istiqamətdə gedəcəyi barədə kifayət qədər aydın təsəvvür yaradır"- nəşr yazır. Kiçik Trampın toyunun bir hissəsini Kremlyovun maliyyələşdirilməsi ilə bağlı istintaq platforması 14 sentyabrda dərc olunmuş araşdırmada bildirib ki, Rusiya idman rəsmisi, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri və Vladimir Putinə yaxın iş adamı Umar Kremlyov Donald Trampın Baham adalarındakı toyunun xərclərinin bir hissəsini ödəyib. Müstəntiqlərin sözlərinə görə, Kremlyov ABŞ prezidentinin böyük oğlu və model Bettina Andersonun 2026-cı ilin may ayında toyunun keçirildiyi özəl adalardan birinin atəşfəşanlıq xərclərini və icarəsini ödəyib. Mərasimdə Ağ Ev prezidentinin digər oğlu Erik Tramp və ABŞ prezidentinin Ukraynada sülh üzrə xüsusi elçisi təyin olunmuş kürəkəni Cared Kuşner də daxil olmaqla təxminən 50 qonaq iştirak edib. Trampın sözçüsü Kremlyovun ABŞ prezidentinin oğlunun şəxsi dostu olduğunu və onların heç bir işgüzar münasibətlərinin olmadığını bildirib. ABŞ prezidenti Donald Tramp isə Axios-a verdiyi açıqlamada bildirib ki, Umarın kim olduğunu bilmir, onun haqqında heç vaxt eşitməyib və o, oğlunun tamamilə fərqli bir yerdə və fərqli bir gündə keçirilən toyuna pul ödəməyib. "Bu, onların şərəfinə təşkil edilən sonrakı məclis idi. Elə də böyük bir məsələ deyil! Mən həmin məclisdə iştirak etməmişəm", - deyə o bildirib. Trampın və Kremlyovun sözçüsü Axios-un şərh istəyinə cavab verməyib.
SAMİRƏ