Varşava Rusiyaya qarşı hərbi əməliyyatlara başlamaq qərarına gələrsə, Polşa bir dövlət kimi bir neçə gün ərzində mövcudluğunu itirəcək. Bu barədə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev bildirib.
"Əgər Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara başlasa, ölkəmiz bütün qüvvə və resurslarından istifadə edəcək və Polşa dövlətçiliyi iki-üç gün ərzində mövcudluğunu dayandıracaq" – deyə Patruşev aif.ru saytına müsahibəsində bildirib.
O qeyd edib ki, Polşa xarici işlər naziri Radoslav Sikorskinin ölkənin Rusiya üzərində hərbi üstünlüyə malik olması barədə açıqlaması tamamilə həvəskarcasına səslənir, çünki Polşa naziri Rusiya Ordusunun xüsusi hərbi əməliyyatlar (XƏƏ) zamanı bütün arsenalından istifadə etmədiyini yaxşı bilir.
"Sikorski, anti-Rusiya əhval-ruhiyyəsi ilə uzun müddətli sələfləri kimi, Polşanın dinc mövcudluğunu və xalqının rifahını təmin etmək istəmədiyini təkrar-təkrar nümayiş etdirir və əvəzində eyni tarixi səhvi təkrarlayır" – deyə Patruşev bildirib.
Rusiya liderinin köməkçisi əlavə edib ki, Varşava müharibədən sonra Polşanın nasistlərdən azad edilməsində və ölkənin suverenliyinin bərpasında SSRİ-nin rolunun xatirəsini tapdalamağa başlayaraq tarixin dərslərini unudub.
Tahir TAĞIYEV