ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə , Tramp administrasiyası İsrailə 40.000 ədəd 2.000 funtluq (təxminən 907 kq) bomba və 20.000 ədəd I-2000 Penetrator döyüş başlığının daxil olduğu 2,8 milyard dollarlıq sursat paketi satmağı planlaşdırır.
“Reuters” agentliyinin planlaşdırılan razılaşma ilə tanış olan mənbəyə istinadən yaydığı məlumata görə, müqavilə hər biri təxminən 1 ton ağırlığında olan 20.000 MK-84 bombası və 20.000 BLU-117-ni əhatə edir. Paketə həmçinin 20.000 I-2000 Penetrator döyüş başlığı daxildir. Müqavilənin ümumi dəyəri 2,8 milyard dollardır.
ABŞ administrasiyası artıq planlaşdırılan satış barədə əsas silah satışlarını nəzərdən keçirən müvafiq Konqres komitələrini qeyri-rəsmi şəkildə məlumatlandırıb. Sazişin rəsmi bildirişi hələ dərc olunmayıb.
İlk olaraq paket haqqında məlumat verən "The Washington Post" qəzeti qeyd edir ki, bu, son illərdə İsrailə bu tip sursatın ən böyük satışıdır. 2000 funtluq sursat üçün əvvəlki böyük müqavilə 2025-ci ildə Tramp administrasiyası tərəfindən təsdiq edilmiş və 2,04 milyard dollar dəyərində qiymətləndirilmişdi.
MK-84 bombaları Qərb arsenalındakı ən güclü ənənəvi sursatlar arasındadır. Onlardan İsrail ordusu tərəfindən Qəzza zolağında və Livanda əməliyyatlar zamanı istifadə olunub. Bu cür sursatların sıx məskunlaşmış ərazilərdə istifadəsi insan haqları fəalları və beynəlxalq humanitar hüquq mütəxəssisləri tərəfindən tənqid olunub.
Planlaşdırılan satış, ABŞ-da İsrailə hərbi dəstəyin miqyası ilə bağlı müzakirələr fonunda baş verir. İyun ayında keçirilən Quinnipiac Universitetinin sorğusuna görə, Amerika seçicilərinin 48%-i və Demokratların 66%-i ABŞ-ın İsrailə həddindən artıq dəstək verdiyinə inanır. 2017-ci ildə müvafiq rəqəmlər 16% və 20% təşkil edib.
Tramp administrasiyasının təklifi Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda irəli sürülüb. ABŞ və İsrail 28 fevralda İrana birgə hücumlar həyata keçirib, bundan sonra İran İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə qarşı cavab zərbələri endirib.
Tahir TAĞIYEV