Arzuxan Əlizadə: “Qazın kəsilməsinin arxasında tamamilə siyasi səbəblər dayanır”
Rusiya Ermənistana təbii qaz tədarükünü müvəqqəti dayandıracaq. Bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.
Bildirilib ki, Rusiya ərazisində “Şimali Qafqaz–Zaqafqaz” magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin kompleks şəkildə aparılması ilə əlaqədar sentyabrın 15-dən 25-dək bu kəmər vasitəsilə Ermənistana təbii qaz tədarükü müvəqqəti dayandırılacaq.
Şirkət onu da qeyd edib ki, sözügedən müddətdə Ermənistanda istehlakçıların qaz təchizatı məhdudlaşdırılmayacaq: “Bu dövrdə respublikada istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İran İslam Respublikasından əlavə təbii qaz tədarükü hesabına həyata keçiriləcək”.
Qeyd edək ki, Ermənistanın qaza olan tələbatının 78 faizi Rusiyadan, 22 faizi isə İrandan idxal hesabına təmin edilir.
Rusiya qazın verilməsinin dayandırılmasını texniki amillərlə əlaqələndirir. Ancaq məhz Ermənistan-Rusiya münasibətlərinin gərgin olduğu indiki məqamda qazın texniki amillərə görə dayandırılması inandırıcı görünürmü? Bu, daha çox Ermənistana xəbərdarlıqdır ki, bu müddət ərzində özünü necə aparacaq.
Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, bu, texniki yox, bilavasitə siyasi xarakterli məsələdir: “Ən başlıcası Ermənistana qarşı Rusiyanın göstərdiyi sistemli təzyiqlərin komponentlərindən biridir. Son dövrlər Rusiya mediasında Ermənistana qarşı hansı addımların atılması lazım olduğu tez-tez gündəmə gətirilir. Onlardan başlıcası Ermənistana ixrac edilən qazın qiymətini artırmaq və Rusiyada çalışan erməni miqratları ölkədən çıxarmaqdır. Əgər bunlar həyata keçirilsə, bunun Ermənistan üçün çox ciddi ağır sosial-iqtisadi nəticələri ola bilər. Məsələ ondadır ki, hər il Rusiyada çalışan ermənilər ölkələrinə milyardlarla dollar vəsait göndərir. Ermənistan vətəndaşları Rusiyadan çıxarılsa, onlar bu imkandan məhrum olacaqlar. Qaz məsələsinə gəldikdə isə, bu ilin sonuna qədər Rusiya qiymətləri qaldırmayacaq. Ona görə ki, bununla bağlı müqavilə var. Ancaq növbəti il üçün mütləq tərəflər arasında müqavilə imzalanmalıdır. Bir şey məlumdur ki, Rusiya əvvəlki qiymətə Ermənistana qaz ixrac etməyəcək. Bunu açıq bəyan edirlər. Rusiya qazın qiymətində o zaman güzəştə gedəcək ki, Ermənistan Avropa İttifaqından imtina etsin. Paşinyan hakimiyyəti də buna getməyəcək. Rusiya qazın qiymətini o zaman qaldırmayacaq ki, Ermənistanda Moskvaya bağlı revanşist qüvvələr hakimiyyətə gəlsinlər. Bu da indiki şəraitdə mümkünsüz görünür. Ona görə ki, Rusiyanın ölkədəki sosial dayaqları çox zəifdir. Bir sözlə, Rusiya texniki ad altında Ermənistana qazı verilişini kəsir ki, anbarlara qışqabağı qaz toplaya bilməsinlər. İşarə edir ki, qarşıdan qış gəlir və seçiminizi indidən edin. Yəni ya Rusiya, ya da Avropa İttifaqı. O üzdən, qazın kəsilməsinin arxasında tamamilə siyasi səbəblər dayanır”.
Vidadi ORDAHALLI