Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə TRIPP sazişinin Konstitusiyaya uyğun olduğunu müəyyən edib.
Erməni mediası bu barədə Konstitusiya Məhkəməsinin Xarici Əlaqələr Departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, məhkəmənin sazişlə bağlı araşdırması başa çatıb və TRIPP üzrə öhdəliklərin Ermənistan konstitusiyasına zidd olmadığı qənaətinə gəlinib.
Qərarın tam mətni üç gün ərzində dərc olunacaq, bundan sonra təsdiq üçün parlamentə göndəriləcək.
Xatırladaq ki, TRIPP – “Trump Route for International Peace and Prosperity” layihəsi çərçivəsində Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq haqqında çərçivə sazişi 2026-cı ildə imzalanıb. Ermənistan hökuməti iyul ayında sazişin ratifikasiyası prosesinə başlayıb və sənədi Konstitusiya Məhkəməsinə təqdim edib.
Konstitusiya Məhkəməsi 15 sentyabrda TRIPP sazişini yazılı prosedur vasitəsilə nəzərdən keçirməyə başlayıb. Məhkəmə Ermənistanın saziş üzrə öhdəliklərinin konstitusiyaya uyğun olub-olmadığını müəyyən etməli idi.
Tahir TAĞIYEV