Erməni mediası yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Ermənistan sülhünün uzunmüddətli olacağına əminliyini ifadə edib və bunun Azərbaycanın dövlət mövqeyi olduğunu bildirib. Bununla yanaşı, Azərbaycanın Qarabağ münaqişəsi və müharibə zamanı baş verənləri unutmayacağını vurğulayıb.
İlham Əliyev Xocalı qurbanlarının, dağıdılmış məscid və mədəniyyət abidələrinin xatirəsinin Azərbaycan cəmiyyətini ayıq saxlamalı olduğunu deyib. İkinci Qarabağ müharibəsi ilə bağlı isə Azərbaycan ordusunun yalnız hərbi birləşmələrə zərbə vurduğunu, mülki şəxslərə qarşı müharibə aparmadığını bildirib.
Prezident şəhidlərin qanının qisasının alındığını və Azərbaycanın döyüş meydanında bunun əvəzini artıqlaması ilə çıxardığını qeyd edib.
Çıxışında Qarabağdakı dini abidələrin vəziyyətinə də toxunan Əliyev Ermənistanın nəzarətində olmuş ərazilərdə 65 məscidin tamamilə dağıdıldığını, digər məscidlərin isə xarabalığa çevrildiyini bildirib. O, bəzi məscidlərdə mal-qara, o cümlədən donuz və inək saxlanıldığını deyərək bunu azərbaycanlılara və İslam dünyasına qarşı qəsdən alçaltma kimi qiymətləndirib.
Ümumilikdə, məqalə Əliyevin sülhün davamlılığına inamını, eyni zamanda münaqişə dövründə baş verənlərin Azərbaycan tərəfindən unudulmayacağını və tarixi yaddaşın qorunacağını vurğulayan fikirlərini önə çıxarır.
Yəni erməni mediası incikliklə yazır ki, İlham Əliyev Azərbaycan-Ermənistan sülhünün uzunmüddətli olacağına əminliyini bildirib. Eyni zamanda, Azərbaycanın Xocalı faciəsini, dağıdılmış məscid və mədəni abidələri unutmayacağını vurğulayıb. Prezident müharibə zamanı Azərbaycanın yalnız hərbi hədəflərə zərbə vurduğunu deyib və Qarabağdakı məscidlərin dağıdılması ilə bağlı Ermənistanı ittiham edib.
Amma informasiyada qeyd edilmir ki, bu çıxışda Ermənistan cəmiyyətini nə qane etmir. İlham Əliyev başqa cür necə çıxış etməlidir ki?
Oqtay Qasımov: "Həqiqət deyilməlidir və çatdırılmalıdır"
Politoloq Oqtay Qasımov "Bakı-Xəbər"ə açıqlamasında bildirib ki, Ermənistan mediası çox rəngarəng və çoxşaxəlidir. Onun sözlərinə görə, bu media müxtəlif qrupların maraqlarını təmsil etdiyindən eyni məsələyə münasibətdə fərqli yanaşmalar ortaya çıxır.
Azərbaycan Prezidentinin çıxışının Ermənistan mediasında necə qarşılanmasına toxunan politoloq bildirib ki, bu onların öz işidir: "Azərbaycan Prezidenti dünənki çıxışında yalnız faktlara söykəndi və faktlar əsasında mövqeyini ifadə etdi. Ona görə də Ermənistan mediasının buna necə münasibət göstərməsi onların problemidir".
Oqtay Qasımov qeyd edib ki, Prezident işğal dövründə Azərbaycanın 300-dən artıq şəhər və kəndinin dağıdıldığını, məscidlərin və digər tarixi-mədəni abidələrin məhv edildiyini vurğulayıb və bunların hamısının fakt olduğunu bildirib. Onun sözlərinə görə, bu gün həmin dağıntıların nəticələri beynəlxalq ictimaiyyət, diplomatik korpus və dünya mediasının nümayəndələri tərəfindən əyani şəkildə görülür.
Politoloq hesab edir ki, Azərbaycan bundan sonra da öz siyasətini və mövqeyini milli maraqlarına uyğun şəkildə formalaşdırmalıdır. O bildirib ki, Ermənistan mediasının və cəmiyyətinin reaksiyasından asılı olmayaraq, baş vermiş hadisələr barədə həqiqət deyilməli və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.
"Erməni cəmiyyəti də başa düşməlidir ki, 30 il ərzində Azərbaycan torpaqlarında baş verənlər, insanların qətlə yetirilməsi, tarixi, milli və dini irsin, tarixi abidələrin dağıdılması faktlardır. Bunlar artıq tarixə çevrilmiş konkret hadisələrdir. Ermənistan cəmiyyətinin bu məsələlərə necə münasibət göstərməsindən asılı olmayaraq, biz öz mövqeyimizi ifadə etməliyik", – deyə Oqtay Qasımov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan öz mövqeyini ortaya qoymaqla yanaşı, bölgədə sülh prosesinin irəliləməsi istiqamətində səylərini də davam etdirməlidir.
Politoloq hesab edir ki, Ermənistan cəmiyyəti də regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün qonşularla normal münasibətlərin qurulmasının vacibliyi barədə özü nəticə çıxarmalıdır. "Nəhayət, qonşularla normal münasibətlər qurulmalı və dinc şəraitdə yaşanmalıdır. Əks halda, Ermənistan davamlı olaraq müxtəlif problemlərlə qarşılaşacaq", – deyə Oqtay Qasımov bildirib.
Akif NƏSİRLİ