“Azərbaycanfilm” kinostudiyasının tarixində ən pis göstərici, yəqin ki, bu olacaq...

Lətif Lətifsoy: “Bu iddiaların kino ictimaiyyətindən…”

img

Azərbaycan kinosunun inkişafı bütün cəmiyyət üçün maraqlıdır və insanlar yeni-yeni filmlər görmək arzusundadırlar. Son dövrlər xeyli sayda filmlər çəkilsə də, çox təəssüflər olsun ki, tamaşaçılar yeni filmləri görməyiblər.

Yeni çəkilən filmlər əsasən beynəlxalq festivallara aparılır. Bu filmlər arasında müxtəlif kateqoriyalı festivallarda uğur qazanan filmlərimiz də az deyil. Bu filmlərin də böyük əksəriyyəti, bəlkə də hamısı “Azərbaycanfilm” Kinostudiyası tərəfindən istehsal edilib.  Azərbaycan dövləti tərəfindən milli kinomuzun inkişafına kifayət qədər vəsait ayrılır, amma bəzi mütəxəssislər hesab edir ki, bu vəsait kifayət deyil, bəziləri isə əksini düşünür. “Azərbaycanfilm”in özü isə ayrılan maliyyə barədə hər hansı bir fikir bildirmir, müxtəlif janrda, kateqoriyada filmlərini çəkir. Daha çox qısametrajlı və sənədli filmlərə üstünlük verir. Doğrudan da, son illər “Azərbaycanfilm” ortaya çox maraqlı ekran əsərləri qoyub, amma nə yazıq ki, bu filmlərdən sadə tamaşaçının xəbəri yoxdur. Çox tamaşaçılar sual verir ki, məgər indi bizdə film çəkilir ki? Kinonu beynəlxalq aləmdə təbliğ etmək əladır, amma onu əvvəlcə yerli tamaşaçıya təqdim etmək lazımdır… Bu öz yerində. İndi keçək əsas məsələyə.

Kino ictimaiyyətində dolaşan iddialara görə, "Azərbaycanfilm" Kinostudiyasında son bir il yarımda bir dənə də olsun tammetrajlı bədii film çəkilməyib. İddialara görə, çəkilən filmlər isə əsasən qısametrajlı və sənədli filmlərdir ki, onlar barədə də mətbuatda vaxtaşırı məlumatlar verilir. “Azərbaycanfilm”də son bir il yarında tammetrajlı bədii filmlərin istehsal edilməməsi, çəkilməməsi təəccüb doğurmaya bilmir, həm də qəribə görsənir. Doğrudanmı, “Azərbaycanfilm”də tammetrajlı bədii filmlər çəkilmir? Çəkilmirsə, Mədəniyyət Nazirliyi pul ayırmır, yoxsa başqa maneələr var? Kinostudiyanın tammetrajlı film çəkməməsi təəccüblü görünür ki, il yarımdır bu məsələyə niyə barmaqarası yanaşılıb…

  • “Bu il Kinostudiyada 3 tammetrajlı bədii film, 9 sənədli film, 1 qısa metrajlı, 2 radio-televiziya layihəsi həyata keçirilib”

Bu barədə iddialarla bağlı “Azərbaycanfilm” Kinostudiyasının mövqeyini öyrəndik. Məsələyə münasibət bildirən Kinostudiyanın mətbuat katibi Lətif Lətifsoy “Bakı-Xəbər”ə bildirdi ki, bu barədə deyilənlərin əsası yoxdur və bu müddətdə “Azərbaycanfilm”də üç tammetrajlı film çəkilib. “Bu iddiaların kino ictimaiyyətindən deyilməsi qəribə səslənir. Bu il kinostudiyada 3 tammetrajlı bədii film, 9 sənədli film, 1 qısa metrajlı, 2 radio-televiziya layihəsi həyata keçirilib”.

L.Lətifsoyun sözlərinə görə, bunu kino ictimaiyyəti yaxşı bilir. Başlıcası isə, bütün saytlarda və “Azerbaijanfilm Studio” sosial media kanallarından mütəmadi informasiyalar və maraqlı məzmunlar, səhnə arxası foto-videolar, intervülər paylaşılır”.

L.Lətifsoy qeyd etdi ki, tammetrajlı filmlər rejissor Elçin Musaoğlunun “Məryəm”,  rejissor Vaqif Mustafayevin  “Fəryad II”, rejissor Asif Rüstəmovun “Mərmər soyuğu”  bədii filmləridir: “Bunların hər üçü tammetrajlı bədii filmdir. Hazırda hər biri “post-production” mərhələsindədir. Bütün bunlarla yanaşı iki serial da istehsal olunub. Söhbət “Köşk” və "Xosrov və Şirin” seriallarından gedir. Biri artıq İctimai TV-də yayımlanıb, yenə yayımlanacaq, digəri isə dekabrdan İTV-də yayıma başlayır, Nizaminin 880 illik yubileyinə həsr edilib”.

İradə SARIYEVA

Son xəbərlər