Sumqayıt Dövlət Dram Teatrı pandemiya ilə əlaqədar məşqləri saxlanılmış daha bir səhnə əsərini hazırlayaraq təhvil verib. Bu barədə baki-xeber.com-a Teatrın mətbuat katibi Leyla Hafizqızı məlumat verib. L.Hafizqızı bildirdi ki, kollektiv bu dəfə kiçik yaşlı tamaşaçılarını sevindirəcək. Şənbə günü teatrda Azərbaycan Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın quruluşunda məşhur Azərbaycan nağılı “Göyçək Fatma” tamaşasının daxili baxışı keçirildi. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu B.Şukin adına Rusiya Ali Teatr məktəbinin məzunu Vüsal Mehrəliyevdir. Musiqi tərtibatı Fuad Kazımova aiddir.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tamaşanın ərsəyə gəlməsində əməyi keçən teatr əməkdaşlarını təbrik edərək, maraqlı tamaşa üçün yaradıcı və texniki heyətə öz təşəkkürünü bildirdi. Ümumilikdə ideyanın çatdırıldığını vurğuladı, bəzi texniki məqamlara yenidən nəzər salınmasını tövsiyə etdi.
Baş rejissor, Xalq artisti Firudin Məhərrəmov da maraqlı aktyor oyunlarını və rejissor işini qeyd etdi. Tamaşanın rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssam Elşən Sərxanoğlu çıxışlarında yaradıcı heyəti təbrik edərək onlara uğurlar arzuladı.
Tamaşada rolları Aynur Hümmətova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Gülnarə Qədirova, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Elmir Mehtiyev, Kamran Muradlı, İlqar İbrahimov, Rövşad İlyasov, Ceyhun Məhərrəmov, Şəmistan Süleymanlı, Fizuli Qərənizadə və İradə Zeynalova ifa edir. Tamaşa tezliklə kiçik tamaşaçılara təqdim olunacaq.
İradə SARIYEVA