DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, mart ayının 10-da müxtəlif vaxtlarda Quba Rayon Polis Şöbəsinə rayonun bir neçə kəndi yaxınlığında yerləşən meşəlik ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub. Daxil olan məlumatlarla əlaqədar polis əməkdaşları hadisələrin baş verdiyi ərazilərə yollanıb.
Rayonun Dəvədabanı yaşayış massivi, eləcə də Səbətlər, Bərqov, İspik və Yuxarı Tüləkəran kəndlərinin yaxınlıqlarında yerləşən meşə massivlərində baş verən yanğınlar zamanı ümumilikdə 14 ha yaxın ərazidə meyvə bağı, kol-kos və qutu otlar yanaraq məhv olub.
Həmin ərazilərin bəzilərinin coğrafi şəraiti dağlıq olduğundan FHN-nin yanğından mühafizə briqadası yanğın baş verən əraziyə qalxmaqda çətinliklə üzləşib.
Bu zaman Quba RPŞ-nin əməkdaşları baş verən yanğın hadisələrinə operativ reaksiya verərək, alovun qarşısının alınması istiqamətində bütün zəruri tədbirləri həyata keçiriblər. Əsasən fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan polislər hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların miqyasının böyüməsinin qarşısını vaxtında alıb.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə mart ayının 9-da rayonun Nügədiqazmalar və 10-da Yuxarı Tüləkəran kəndləri ərazilərində ehtiyatsızlıqdan meşə və quru otlaq, eləcə də bağ sahələrinin yanmasına səbəb olan iki rayon sakini - Hikmət Mirzəyev və Firudin Pənahəliyev saxlanıb və həmin hadisə qanuna müvafiq araşdırılır.
Dindirilmə zamanı hər iki şəxs ehtiyatsızlıqdan törətdiyi yanğına görə peşman olduğunu bildirib.