Mayın əvvəlində köhnə tanışlar oturub xeyli düşündülər. Sonda "şimal"a getmək qərarına gəldilər. Fikirləşdilər ki, qonaq-qaranın çox olduğu bu bölgədə kimdi onları tanıyan?...
Elə planları üzrə də hərəkət etdilər. Ertəsi gün hava açılar-açılmaz, üz tutdular Qubaya. Şəhəri xeyli dolaşdılar. Nəhayət, bir zərgərlik mağazasının qarşısında dayandılar. Mağazadan çıxıb bayaqdan onları gözləyən avtomobilə əyləşən iki qadın nəzərlərini cəlb etdi.
Avtomobil Qubadan çıxıb Qusar istiqamətinə hərəkət etməyə başladı. Tural və Elməddin hadisənin bu tərzdə getməsindən məmnun idi...
Təqib etdikləri avtomobil Qusar şəhərindəki mebel mağazalarından birinin qarşısında dayandı. Əvvəlcə sürücü düşüb içəri keçdi. Bir neçə dəqiqədən sonra mağazadan bayıra çıxıb bayaqdan onu gözləyən xanımlara əl yelləyərək düşüb gəlmələrini işarə etdi.
Artıq hər şey hazır idi. Qadınların mağazaya girmələri ilə Turalın şüşəni sındırıb çantanı götürməsi arasında heç bir dəqiqə vaxt keçmədi.
Mağazadan səsə çıxan alıcılar gördükləri mənzərədən şoka düşdülər. Çilik-çilik olmuş şüşə qırıntılarını gördükdə ilk öncə qəza olduğunu düşündülər. Sonradan avtomobildə unutduqları əl çantantasının yoxa çıxdığını biləndə nə baş verdiyini anladılar.
Polisə zəng vurdular. Yaradılmış əməliyyat-istintaq qrupu məlumatı alan kimi hadisə yerinə yollandı. Ərazidəki bütün nəzarət kameraları bir-bir incələndi. Sakinlərlə söhbətlər aparıldı. İntensiv keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər-Tural Hüseynov və Elməddin Quliyev müəyyənləşdirildi. Amma onlar Qusarı çoxdan tərk etmişdilər. Davam etdirilən tədbirlər nəticəsində onlar Bakıda saxlanılaraq istintaqa təhvil verildilər. Hadisənin necə baş verməsinə gəlincə, onu demək olar ki, Tural və Elməddin, əsasən xanım sürücüləri hədəfə alırlarmış. Hər cinayət törədənin bir üsulu olduğu kimi, bu da bunların "dəsti-xətti" imiş... İstintaqa verdikləri ifadələrindən məlum olub ki, qadınların avtomobildən düşərkən adətən əl çantalarını salonda qoymalarını, deməli, onlara aid qiymətli nə varsa, hamısının çantada olduğunu nəzərdən qaçırmayıblar. Pusquda durub bir göz qırpımında gözaltı etdikləri avtomobilə yaxınlaşıb, əvvəlcədən hazırladıqları qələmə oxşar ucu iynə kimi şiş alətlə yan şüşəni sındıraraq əllərinə keçən qiymətli nə varsa götürüb aradan çıxıblar.
İstintaqın gedişində bu şəxslərin Bakı şəhərində də analoji hadisələr törətdikləri müəyyənləşdirilib.
Çingiz Şıxverdiyev, polis polkovnik-leytenantı DİN Mətbuat Xidmətinin əməkdaşı