Daxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, mayın 23-də Masallı rayonunun Qəriblər kənd sakini Xəlil İmamyarova məxsus mağazaya gələn bir nəfər ərzaq məhsulları alarkən 100 manatlıq əskinas verərək ödəniş edib.
Müştərini yola salan satıcı kassadan pulları götürüb iri əskinasları ayıranda oradakı tək 100 manatlıq nədənsə onda şübhə yaradıb və onu yoxlayıb. Pulun saxta olduğu bəlli olur.
Mağaza sahibi vaxt itirmədən Rayon Polis Şöbəsinə müraciət edir. Həmin şəxsi tanımırdı. Lakin gedəndə "VAZ-21011" markalı avtomobillə getdiyini görmüşdü.
Dərhal deyilən əlamətlərdə olan maşının saxlanması yönündə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Şahəddin Musayev və Ramal Əbilhəsənov şübhəli şəxs qismində saxlanır.
Sonuncuya məxsus maşına baxış keçirilərkən oradan daha 5 ədəd 100 manatlıq saxta əskinas aşkar edilərək götürülür...
Hazırda həmin şəxs barəsində faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.