Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qidaya yararsız at kəsimi və satışı ilə məşğul olan şəxslər saxlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşları tərəfindən mənşəyi məlum olmayan ət məhsullarının hazırlanmasında şübhəli bilinərək saxlanmış Cəlilabad rayonunun Sərhədabad kənd sakini Cəlal Mirzəyevin idarə etdiyi “VAZ 21011” markalı avtomobilə baxış keçirilən zamanı oradan 34 kiloqram sümüksüz at əti aşkar edilərək götürülüb. Həmin ət məhsulunun Cəlilabad rayonunun Sərhədabad kənd sakini T.Qasımov tərəfindən hazırlandığı müəyyən edilib. Araşdırmalarla Toğrul Qasımovun müxtəlif şəxslərdən ucuz qiymətə aldığı atları yaşadığı Sərhədabad kəndində kəsdiyi və sümükdən ayrılan ətlərin mal əti adı ilə satıldığı məlum olub. Həmin ətlərin satışının təşkilində onunla əlbir olan Cəlilabad şəhər sakini Əli Həsənov da müəyyən edilərək saxlanıb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.