Zakir Əhmədov: “İndi əsas məsələ bundan sonra bu yöndə əməkdaşlığın genişləndirilməsi ilə bağlı səyləri artırmaqdan ibarətdir”
“İran Azərbaycan və Rusiya ilə birlikdə enerji mübadiləsi üçün regional enerji bazarı yaratmaq niyyətindədir”. Xəbər verildiyi kimi, bunu İranın energetika nazirinin beynəlxalq məsələlər üzrə müavini Əlirza Daimi deyib.
Ə.Daimi sözügedən məsələni bir sıra faktorlarla əsaslandırıb. Onun fikrincə, enerji istehsalı üçün yüksək potensial mövcuddur: “Buna görə də regional enerji bazarı yaratmağa çalışırıq. Regional enerji bazarı məsələsi hazırda Avropa ölkələri arasında mövcuddur. Mövcud vəziyyəti nəzərə alsaq, İran, Azərbaycan və Rusiya arasında da bu bazarı yaratmaq imkanları var”.
Ə.Daimi deyib ki, İran şimal, qərb və şərqdəki qonşu ölkələrlə yanaşı, Azərbaycanın elektrik şəbəkəsi də bir-birinə birləşdirilib: “Hazırda biz Azərbaycanla elektrik enerjisini qarşılıqlı mübadilə edirik. Əlbəttə, bu mübadilə quru sərhədlərimizin olduğu bütün qonşu ölkələrlə də həyata keçirilir”.
O qeyd edib ki, hazırda İranın MAPNA şirkəti Azərbaycanla külək və günəş elektrik enerjisi stansiyalarının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq edir. Ə.Daimi əlavə edib ki, Azərbaycan və İran arasında sərhəd çayları üzərində elektrik stansiyalarının tikintisi və bəndlərin salınması sahəsində də əməkdaşlıq var: “Düşünürəm ki, İran və Azərbaycan arasında sərhəd çayları və su resursları sahəsində ən uğurlu əməkdaşlıq nümunəsi mövcuddur”.
Ümumilikdə, 3 ölkə arasında regional enerji bazarının yaradılması imkanlarına ekspertlər necə yanaşır?
Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun sözlərinə görə, prinsipcə, bu mümkündür və bunu şərtləndirən bir sıra amillər var: “Başlıca mühüm amil ondan ibarətdir ki, Azərbaycan hər iki ölkə ilə quru sərhədinə malikdir. Hesab edirəm ki, bu çox mühüm amildir. Bu imkan verir ki, regionda ciddi enerji bazarı yaradılsın. Nəticə etibarilə sözügedən bazardan digər region dövlətləri də faydalana bilər. Azərbaycanın həm Rusiya, həm də İranla çox yaxşı iqtisadi əlaqələrə malik olduğunu nəzərə alsaq, bu ideyanın reallaşacağına inam böyükdür. Məsələ ondadır ki, son illər Azərbaycanın sözügedən ölkələrlə iqtisadi-ticarət əlaqələri daha da inkişaf etməkdədir. “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində 3 ölkə arasında bir sıra işlər görülür. İqtisadiyyatın digər sahələrində də əməkdaşlıq genişlənir. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, regional enerji bazarının yaradılması perspektivləri var. Məsələn, Rusiya üçün Dağıstan Muxtar Respublikasına Azərbaycandan elektrik enerjisini ötürmək iqtisadi baxımdan daha sərfəlidir. Həmçinin, üç ölkə arasında birgə enerji istehsalı və bunun digər dövlətlərə ixrac olunması ilə bağlı potensial var. Hesab edirəm ki, hər üç ölkə birgə fəaliyyət sayəsində bu potensialı dəyərləndirib ortaq məxrəcə gələ bilər. İndi əsas məsələ bundan sonra bu yöndə əməkdaşlığın genişləndirilməsi ilə bağlı səyləri artırmaqdan ibarətdir. Fikrimcə, işlər sürətləndirilsə, müəyyən nəticələr əldə etmək mümkün olacaq”.
Vidadi ORDAHALLI