Qadir Bayramlı: “Arıçılıq kredit ittifaqı yaranarsa və onlara güzəştli şərtlərlə kredit verilərsə, ölkədə məhsul bolluğu yaranar”
Xəbər verildiyi ki, Azərbaycan arıçıları öz kredit ittifaqlarını yaratmaq niyyətindədirlər. Bunu “Trend”ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
O qeyd edib ki, hazırda bu istiqamətdə işlər davam edir: “İlk dəfə bu məsələ 2017-ci ilin sentyabrında kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşdə müzakirə olunub. Hazırda sənədləşmə ilə bağlı kiçik ləngimə var, amma ümid edirəm ki, yaxın zamanlarda kredit ittifaqı işə başlayacaq və arıçılar aşağı faiz dərəcələri ilə uzunmüddətli kredit ala biləcəklər”.
Assosiasiya sədri qeyd edib ki, kredit ittifaqının maliyyələşdirilməsi ilk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçiriləcək.
Arıçılıq kredit ittifaqının yaradılması bu sahənin inkişafına necə təsir göstərəcək?
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, arıçılıq və digər sahələrin fermerlərinin ümumi problemi təşkilatlanmasıdır: “Arıçılar təşkilatlanmadığı halda, problemlərinin həllini yalnız dövlətdən və digər qurumlardan tələb etməsi düzgün deyil. Arıçıların təşkilatı olmadığı üçün, onlar strategiya formalaşdıra bilmirlər. Tələblərini konkretləşdirib aidiyyəti qurumlar qarşısında qoya bilmirlər”.
Q.Bayramlı hesab edir ki, arıçılıqla məşğul olanların bir araya gəlməsi təşəbbüsü müsbət qarşılanmalıdır: “Zənn edirəm ki, kredit ittifaqının yaranması onların bir çox probleminin həll olunmasına kömək edəcək. Kənd təsərrüfatının digər sahələrində olduğu kimi, arıçıların da uzunmüddətli, güzəştli kreditə ehtiyacı var. Arıçılıq kredit ittifaqı yaranarsa və onlara güzəştli kredit verilərsə, ölkədə məhsul bolluğu yaranar. Həmçinin, adıçəkilən məhsulun satış qiymətində dəyişiklik baş verər”.
Həmsöhbətimiz onu da bildirdi ki, arıçılıq kredit ittifaqı yaranarsa, bu təşkilat şəffaf fəaliyyət göstərərsə, müsbət nəticə gözləmək olar.
Günel CƏLİLOVA