Aydın Hüseynov: “Tranzit imkanlarımızın genişlənməsi iqtisadiyyatımızın və milli gəlirlərimizin daha yüksək formalaşmasına təkan verən faktorlardan birinə çevriləcək”
Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 4 faizə qədər irəliləməsi proqnozlaşdırılır. Bunu 2017-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, növbəti il təkrəqəmli inflyasiya qeydə alınacaq: “2018-ci il üçün dövlət və özəl investisiyaların həcmi artacaq, Azərbaycanın tranzit imkanları genişlənəcək”.
İİTKM rəhbəri gələn il Azərbaycan üçün yeni iqtisadi inkişaf trayektoriyasının başlandığı il olacağını qeyd edib.
2018-ci ildə Azərbaycanın tranzit imkanlarının genişlənməsi barədə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın neftdən sonra iqtisadiyyatında önəmli sahələrdən biri nəqliyyat sistemi olacaq: “Bəlli olduğu kimi, Bakı-Tiflis-Qars dəmir yolu açıldıqdan sonra Azərbaycan böyük bir nəqliyyat qovşağının logistik mərkəzinə çevriləcək. Onu da unutmaq lazım deyil ki, Azərbaycan yüklərin daşınması üçün əlverişli coğrafi məkanda yerləşir. Şərqdən qərbə, eyni zamanda şimaldan cənuba yüklərin daşınmasında Azərbaycan tranzit rolunu oynayacaq. Onu da qeyd edim ki, tək dəmir yolu ilə yüklərin daşınmasından söhbət getmir, həmçinin, Bakı-Tiflis-Ceyhan kəməri ilə Orta Asiya ölkələri və İran öz neftini dünya bazarına çıxarmaq istəyirlər”.
Həmsöhbətimizin sözlərinə görə, TANAP və TAP-la təbii qazın Avropaya çatdırılmasında Azərbaycan tranzit rolunu oynayır: “Burda da Orta Asiya və İran maraqlıdırlar ki, TANAP layihəsi vasitəsilə öz təbii qazını Avropaya ixrac etsinlər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan tranzit ölkə olaraq önəmli coğrafi mövqedə yerləşir, bu da bizim büdcə gəlirlərimizin artmasına səbəb olacaq. Tranzit imkanlarımızın genişlənməsi iqtisadiyyatımızın və milli gəlirlərimizin daha yüksək formalaşmasına təkan verən faktorlardan birinə çevriləcək”.
Günel CƏLİLOVA