Ruslan Quliyev: “Turizmin inkişafı üçün bu sahə üzrə bütün bazarlar araşdırılmalı və turistlərin cəlb olunması ilə bağlı paralel işlər aparılmalıdır”
Son zamanlar ölkəmizə müsəlman ölkələrindən çoxsaylı turist gəlir. O turistlər ölkəmizdən razı qalırlar. Müsəlman ölkələrindən gələn turistlərin sayını artırmaq məqsədilə “halal turizm”in tətbiq olunması təklif olunur. Hətta bəzi hotellərin sırf “halal” prinsipi ilə fəaliyyət göstərməsi də bildirilir.
Azərbaycanda “halal” hotellər olmasa da, onlara tələbat kifayət qədərdir. Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Rəhman Səfərov media nümayəndələrinə açıqlamasında deyib ki, Azərbaycanda bu tip hotellərə marağın yüksək olmasına baxmayaraq, onlar hələ ki, fəaliyyət göstərmirlər: “Lakin apardığımız araşdırmalar zamanı məlum oldu ki, “halal” hotel olmasa da, hotellərdə dindar müştərilərə fərdi qaydada yanaşılır. Elə müştərilər var ki, onlar spirtli içki, donuz əti və digər islam adətlərinə uyğun olmayan xidmətləri istəmirlər. Bu zaman mətbəxə və başqa müvafiq bölmələrə xəbər verilir ki, müştərinin istəyi nəzərə alınsın. Lakin buna baxmayaraq, hotellər yenə də tam “halal” hotel kimi xidmət göstərmirlər”.
Mütəxəssis qeyd edib ki, Azərbaycana islam ölkələrindən gələn turistlərin sayının artması ölkədə “halal turizm”in tətbiqini zəruri edir.
“Halal turizm” tətbiq olunsa, bu hal islam ölkələrindən gələcək turistlərin sayına təsir göstərəcək. Maraqlıdır, qeyd olunan brend tətbiq olunsa, bu hal Avropa və digər ölkələrdən gələcək turistlərin sayını artıra bilərmi?
Turizm sahəsi üzrə mütəxəssis Ruslan Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, turizmin inkişafı üçün bütün bazarlar haqqında düşünmək lazımdır: “Bu sahənin inkişafı üçün sırf ərəb və ya Avropa bazarına konsentra olmamalıyıq. Bütün bazarların araşdırılması və oradan turistlərin cəlb olunması ilə bağlı paralel işlər aparılmalıdır. Bununla bağlı spesifik ölkələr var ki, onları eyniləşdirmək olmaz. Ancaq hesab edirəm ki, “halal turizm” Avropa ölkələrindən gələcək turistlərin sayına təsir göstərməyəcək. Son 5 ildə Türkiyədə “halal” hotellər şəbəkəsi artmaqdadır. Bir hotelin nəzdində bir neçə bölmə yaratmaq düzgün deyil. “Halal” istirahət məkanları, adından göründüyü kimi, o konseptə uyğun olmalıdır. Dini ayinlərin keçirilməsi, Qurban və Orucluq bayramında ayinlərin həyata keçirilməsi, hər bir şey hazır vəiyyətdə olmalıdır. Halal təamlar olmalı və masaya yalnız alkoqolsuz içkilər təqdim edilməlidir”.
Həmsöhbətimiz hesab edir ki, “halal turizm”in tətbiq olunması digər ölkələrdən gələck turistlərin sayına təsir göstərməyəcək.
Günel CƏLİLOVA