Natiq Cəfərli: “Rusiya bazarına investisiya yatırmaq Azərbaycanın aqrar sektoru üçün vacibdir”
Xəbər verildiyi kimi, Rusiya şirkətləri Azərbaycana 3 milyard 700 milyon dollar həcmində investisiya yatırıb. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hər iki ölkə arasında ticarət dövriyyəsi, investisiya həcmləri ildən-ilə artır. Azərbaycan şirkətləri Rusiyaya 1 milyard dollardan çox investisiya yatırıb. 700-ə yaxın Rusiya qeydiyyatında olan şirkət Azərbaycanda uğurla fəaliyyət göstərir.
Nazir qeyd edib ki, Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiya Federasiyasına təyin olunub, Azərbaycan şirkətləri Rusiyada keçirilən sərgilərdə uğurla təmsil olunur, Azərbaycan məhsulları Rusiya telekanallarında reklam edilir, şirkətlərimiz iqtisadi forumlarda iştirak edirlər. Bu isə qarşılıqlı əlaqələrin daim inkişafda olduğunun göstəricisidir.
Azərbaycanlı investorların Rusiyaya 1 milyarddan çox investisiya yatırması hər iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb olur.
İqtisadçı Natiq Cəfərli bizimlə söhbətində bildirdi ki, Rusiya Azərbaycanın ənənəvi ən böyük bazarıdır: “Həm qonşu ölkədir, həm də kifayət qədər əhalisi var. 145 milyonluq ölkədə müəyyən yer tutub qazanc əldə etmək üçün kifayət qədər geniş imkanlar var. Bu səbəbdən Azərbaycan şirkətlərinin qonşu ölkəyə maraq göstərməsi təbiidir. Hələ Sovet dönəmində belə ənənəvi bazar ölkəmiz məhz Rusiya olub. Yeganə problem isə kənd təsərrüfatı məhsulları və qeyri-neft sektoru ixracatında dominat rolun Rusiyaya məxsus olmasıdır. Birtərəfli qaydada inkişaf olması, çoxşaxəli ixracat modelinə keçə bilməməyimiz gələcəkdə problemlər yarada bilər. Bəzi hallarda Rusiyanın mal və xidmətlərə qadağa qoyduğunu və ya bazara girişini yasaq etməsini belə görmüşük. Belə hallar gələcəkdə yaşanarsa, alternativ bazar olmalıdır ki, o an başqa bazara keçə bilək”.
Həmsöhbətimizin sözlərinə görə, Rusiya bazarına olduqca vacib və iqtisadi cəhətdən əhəmiyyətlidir. Bu istiqamətdə investisiya yatırmaq Azərbaycanın aqrar sektoru üçün vacibdir.
Günel CƏLİLOVA