Samir Əliyev: “EBRD-nin, Azərbaycan banklarından fərqli olaraq, kredit faizinin aşağı və kredit həcminin yüksək olması xüsusi dəyərləndirilməlidir”
Xəbər verildiyi kimi, Avropa Bankı Azərbaycan manatında ilk kreditini ayırıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda plastik borular, fitinqlər, konteynerlər və qəliblərin istehsalçısı, habelə polad boru, boru kəmər elementləri və metal prokatı üzrə treyder olan METAK şirkətinə yerli valyutada (manatla) ilk korporativ kreditini ayırıb.
Bankın yaydığı məlumata əsasən, kreditin həcmi 8 mln. avro ekvivalentindədir. Bildirilir ki, bu maliyyələşmə şirkətin fəaliyyətinin genişləndirilməsi planlarının həyata keçirilməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, bu, Azərbaycanda 2017-ci ilin oktyabr ayında EBRD və Azərbaycan Mərkəzi Bankı arasında birincinin yeni imkanları fonunda yerli kiçik və orta sahibkarlığa (KOS) milli valyuta ilə kredit verilməsi ilə bağlı anlaşma memorandumunun imzalanmasından sonra ilk sövdələşmədir.
EBRD-nin Azərbaycandakı rəhbəri Ivana Fernandes Duartenin sözlərinə görə, bank Azərbaycanda istehsal və xidmət sektorunun inkişafına dəstək verməkdən çox məmnundur: “EBRD özünün uzunmüddətli yerli valyuta ilə maliyyələşdirmə və güclü iş təcrübəsinə əsaslanaraq şirkətə gələcəkdə rəqabət qabiliyyətini daha da gücləndirməyə, yerli iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməkdə kömək edəcək”.
Avropa Yenidənqurma və İnkişaf Bankının ilk dəfə Azərbaycan manatı ilə kredit ayırmasına münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, xaricdən investisiya cəlb olunması baxımından bu addım müsbətdir: “Avropa Yenidənqurma və İnkişaf Bankı bizim şirkətlərə kredit ayırırdı. Bu bankın kredit faizləri bizim bankların verdiyi kredit faizlərindən aşağıdır. Həmçinin, adıçəkilən bank tərəfindən verilən kreditin həcminin yüksək olması da xüsusi dəyərləndirilməlidir. Amma burada şəffaflığın təmin olunması maraq doğurur. Bizim şirkətlərin maliyyə-uçot sistemi şəffaf olmadığından, beynəlxalq standartlara uyğun qurulmadığından, şirkətlər banklardan kredit ala bilmirdi. Həmin banklar sərfəli şərtlərlə, aşağı faizlə kredit verirlər, ancaq bu krediti qəbul edən yoxdur. Səbəb isə bizim şirkətlərin şəffaflığa meylli olmamasıdır. Ümumiyyətlə, bizim şirkətlərin maliyyə-uçot sistemi beynəlxalq sistemə uyğun qurulmayıb. Bu səbəbdən belə bir vəziyyət yaranıb”.
Həmsöhbətimiz hesab edir ki, kreditin manatla verilməsi sahibkarın işini daha da asanlaşdırır. Məzənnə dəyişikliyi baş verərsə, sahibkar bu tip hallardan sığortalanar.: “Sahibkar krediti milli valyutada da qaytaracaq. Şirkətə kreditin manatla verilməsi müsbət qiymətləndirilməlidir. Arzu edərdim ki, şirkətlərimiz xarici maliyyə institutlarından resurs cəlb edə bilsinlər. Bu həm onların özlərinə sərf edər, həm də əlverişli şərtlərlə kredit almaq imkanları artar”.
Günel CƏLİLOVA