Vüqar Bayramov: “Bütün bunlar imkan verir ki, Azərbaycan daha geniş çeşidli məhsulların Rusiya bazarına çıxarılmasını təmin edə bilsin”
Son illər Rusiya ilə Azərbaycan iqtisadi-ticarət əlaqələrinin yeni forması inkişaf edir. Belə ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafında regionlararası əməkdaşlıq vacib rol oynayır. Belə ki, regionlararası əməkdaşlıq sahəsində ciddi irəliləyiş müşahidə olunur.
Məsələ ondadır ki, iki ölkənin müxtəlif regionlarında zaman-zaman biznes forumlar keçirilir, iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə əlaqədar birgə layihələr həyata keçirilir. Son dövrlər bu istiqamətdə əlaqələrin daha da intensivləşdiyinin şahidi oluruq.
Bu arada Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub. Təməlqoyma mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, digər rəsmi şəxslər, iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycanla Həştərxan vilayəti arasında qədim ticari-iqtisadi və humanitar əlaqələr mövcuddur: “Bu gün Bakıda təməlini qoyduğumuz Həştərxan Biznes Mərkəzi ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına yeni impuls verəcək”.
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin isə qeyd edib ki, bu Biznes Mərkəzi iki ölkə, o cümlədən ayrı-ayrı regionlar arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcək. Həştərxanda da Azərbaycan Biznes Mərkəzinin inşa olunduğunu vurğulayan qubernator deyib ki, bu, vilayətdə logistik qovşağın yaradılmasına, iş adamlarımız arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək.
Ümumilikdə, ekspertlər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin sözügedən yeni formasını necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, iki ölkə arasında regionlararası iqtisadi-ticarət əlaqələrinin inkişaf etməsinin bir sıra üstünlükləri var: “Əvvəla Rusiya Azərbaycan üçün iqtisadi baxımdan əsas tərəfdaş ölkələrdən biridir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın qeyri-neft ixracatında Rusiya ən böyük paya malik olan ölkədir. Praktiki olaraq Azərbaycan ixrac etdiyi qeyri-neft məhsullarının əhəmiyyətli hissəsini Rusiya bazarına göndərir. Nəticədə ölkəyə daxil olan valyutanın çəkisində qeyri-neft sektorunun payı artır. Bunun da formalaşmasında Rusiyanın payı böyükdür. Bu kontekstdən məsələyə yanaşdıqda təbii ki, regionlararası münasibətlərin inkişaf etməsi, iqtisadi əlaqələrin genişlənməsi Azərbaycan üçün bir tərəfdən qeyri-neft sektorunun inkişafı baxımından vacibdir. Digər tərəfdən, yalnız aqrar məhsulların deyil, eyni zamanda sənaye məhsullarının da Rusiya bazarına ixrac edilməsi baxımından bu əlaqələr vacib rola malikdir. Hesab edirəm ki, sadalanan hər iki faktor əhəmiyyətlidir. Bütün bunlar imkan verir ki, Azərbaycan daha geniş çeşidli məhsulların Rusiya bazarına çıxarılmasını təmin edə bilsin. Onu da nəzərə almaq lazımdır ki, Rusiya həm də etnik azərbaycanlıların fəaliyyəti baxımından da vacib bir ölkədir. Bu həm də Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsinə öz müsbət təsirini göstərəcək. Bu baxımdan yeni formada iqtisadi əməkdaşlığın inkişaf etməsi birmənalı şəkildə hər iki tərəf üçün iqtisadi cəhətdən məqbul hesab edilməlidir. Ona görə də bu istiqamətdə əlaqələrin genişlənməsinə müsbət prizmadan yanaşıram”.
Vidadi ORDAHALLI