Zakir Əhmədov: “İşləyə bilməyən banklar bağlanmalı, yaxud ən yaxşı halda digər banklara birləşdirilməlidir”
“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi iki Azərbaycan bankının kreditləşməsinin baza qiymətləndirilməsi və uzunmüddətli depozit reytinqini endirib.
Belə ki, “Moody’s” “Bank Respublika”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “B3” səviyyəsindən “Caa1” səviyyəsinədək, “Bank of Baku”nun analoji reytinqini isə “Caa1” səviyyəsindən “Caa3” səviyyəsinədək salıb.
“Bank Respublika”nın kreditləşməsinin baza qiymətləndirilməsi “B3” səviyyəsindən “Caa1” səviyyəsinədək endirildiyi halda, “Bank of Baku”nun “Caa1” səviyyəsində olan bu göstəricisi “Caa3” səviyyəsinədək geriləyib.
Hər iki bankın reytinqi üzrə proqnoz neqativ olaraq qalıb. “Moody’s” qeyd edir ki, cari ilin yanvar-noyabr ayları ərzində “Bank of Baku”nun xalis zərəri 35,2 mln. manata çatıb. Bu da məcmu kapitalın kəskin azalaraq dekabrın 1-nə 24,8 mln. manata çatmasına səbəb olub. Başqa sözlə, bankın məcmu kapitalı minimal normativ tələbdən (50 mln. manat) azdır. Bankın I dərəcəli kapitalı və kapitalın adekvatlıq əmsalı 3,8 % (minimal tələb 5%) və 7,3 %-dək (10%) azalıb.
“Moody’s” xatırladır ki, cari ilin iyun ayında bankın səhmdarları 91 mln. manat səviyyəsində əlavə kapitallaşma ilə bağlı qərar qəbul ediblər, lakin kapitallaşma hələ də baş tutmayıb. Agentlik hesab edir ki, “Bank of Baku” hələ bir neçə rüb zərərlə işləməyə davam edəcək.
Bütövlükdə, bu dəyərləndirməyə ekspertlərin münasibəti necədir? Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun fikrincə, Azərbaycan bankları ilə bağlı reytinq göstəricilərin aşağı düşəcəyi gözlənilən idi: “Çünki məlum səbəblərdən ölkədəki bir sıra bankların vəziyyəti yaxşı deyil. Problemli kreditlərin həcmi artır, bankların kredit təklif etmə səviyyəsi çox aşağıdır. Belə olan halda, 2 tanınmış bankın reytinqinin aşağı salınması gözlənilən idi. Fikrimcə, proses hələ bir müddət davam edəcək. Ümumilikdə, bankların dəyərləndirilməsində fəaliyyət, göstəricilər, statistik rəqəmlər əsas rol oynamalıdır. Bu yöndə də vəziyyət arzuolunan səviyyədə deyil. Azərbaycanda kapitalında dövlət payı olan banklar daha etibarlı hesab edilir. Bankları dəyərləndirmək üçün ümumi standart yoxdur. Ona görə də ciddi islahatlar aparılmalıdır. Əgər bank sistemində belə bir islahatlar aparılsa, o zaman beynəlxalq reytinq agentlikləri Azərbaycan bankları ilə bağlı göstəriciləri yaxşılaşdıracaqlar. O üzdən, işləyə bilməyən banklar bağlanmalı, yaxud ən yaxşı halda digər banklara birləşdirilməlidir. Nəticədə isə problemli kreditlərin həqiqi qaytarılması prosesinə başlanmalıdır”.
Vidadi ORDAHALLI