“Dövlət dəstəyinin səmərəliliyi bu gün olduqca aktual olan məsələlərdən biridir. Bizim resurslarımız da çox ola bilər, büdcədən kənd təsərrüfatına daha çox vəsait ayıra bilərik, lakin əsas olan dövlət dəstəyinin səmərəli təşkilidir, ayrılan vəsaitlərin ünvanlılığıdır”.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov bildirib.
“Biz kənd təsərrüfatına nə qədər dəstək göstərmiş olsaq da, dövlət bütün aqrobiznesin, fermerlərin, kənd təsərrüfatı məhsulları istehsalçılarının məsuliyyətini öz üzərinə götürməməlidir. Yəni kənd təsərrüfatına dəstək özü-özlüyündə bir humanitar yardım deyil, bizim fermerlər nəzərə almalıdırlar ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Buna görə, biznesin məsuliyyəti biznes, təsərrüfat subyektlərinin üzərinə düşür. Dövlətin əsas missiyası sahələrarası rəqabətdə kənd təsərrüfatı sektorunun geri qalmaması üçün zəruri dəstəyin verilməsindən ibarətdir”, - deyə A.Əmiraslanov vurğulayıb.
“Həm dövlətin, həm də vətəndaşların kənd təsərrüfatından, aqrar sektordan gözləntiləri həddən artıq çoxdur. Azərbaycan prezidenti tərəfindən aqrar siyasət dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən olunub. Digər sahələrdə olduğu kimi, aqrar sahədə də sosial tərəfdaşlıq münasibətlərinin qurulması çox vacibdir” - deyən A.Əmiraslanovun sözlərinə görə, bu gün - aqrar siyasətin dövlət siyasətinin mühüm bir istiqaməti kimi müəyyən olunduğu bir vaxtda ekspert cəmiyyətinin formalaşmasına ciddi ehtiyac var: “Bu gün başqa sahələrdə bu və ya digər səviyyədə ekspert cəmiyyəti formalaşıb. Biz istərdik ki, kənd təsərrüfatı sahəsində də çox peşəkar ekspertlər olsun. Etiraf etmək lazımdır ki, biz heç də hər zaman aqrar təhsil, aqrar elm, aqrar tədqiqatlar, aqrar istehsalat arasında əlaqə və əks əlaqəni uğurlu təmin edə bilmirik. Bir məşhur alim deyib ki, kənd təsərrüfatında bilik və informasiya çatışmazlığını gübrənin həcminin, texnikanın sayının, dövlət büdcəsindən ayrılan vəsaitin artırılması ilə kompensasiya etmək olmaz. Bu, olduqca məntiqli fikirdir. Həqiqətən də müvafiq menecment, bilik, informasiya olmazsa, hər hansı resursla bu boşluğu doldurmaq olmaz. Digər sahələrdən fərqli olaraq, aqrar sahə sırf elmə bağlıdır. Elm olmadan bu sahədə ciddi dönüş etmək mümkün deyil. Buna görə, kənd təsərrüfatında elm bizi addım-addım müşayiət etməlidir”.