Vüqar Bayramov: “Qara metallurgiya məhsullarının gömrük rüsumundan azad olunması yerli istehsalın inkişafına və metallurgiya sənayesində ixrac imkanının genişlənməsinə səbəb olacaq”
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən külçə, silindrik tökmə və ya digər ilkin formalarda poladlıq və güzgü çuqun, ferroərintilər, elektrotexniki poladdan hazırlanmış prokatlar və qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) idxal gömrük rüsumundan azad edilib.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Qeyd edək ki, hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən, hazırda külçə, silindrik tökmə və ya digər ilkin formalarda poladlıq və güzgü çuqun, ferroərintilər və elektrotexniki poladdan hazırlanmış prokatlara 0,50 faiz, qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələrinə (şixta külçələri) 5 faiz idxal gömrük rüsumu tətbiq olunur.
Azərbaycana idxal olunan qara metallurgiya tullantıları, qırıqları, təkrar əritmə üçün külçələrinin idxal gömrük rüsumundan azad olunmasının nə kimi əhəmiyyəti olacaq? Məsələ ilə bağlı iqtisadçıya müraciət etdik.
İqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qara metallurgiya məhsulları xam mal kimi ölkəyə idxal edilir. Xam mal ölkəyə idxal olunduğu üçün onların rüsumdan azad olunması ölkə daxilində istehsalın təşviq olunması məqsədini daşıyır: “Çünki o məhsulların ölkəyə gətirilməsində məqsəd istehsal üçün istifadə olunmasıdır. Ancaq rüsumlar yüksək olduğu üçün, yerli istehsal bahalı olurdu. Ancaq artıq yeni rüsumların tətbiq olunması imkan verəcək ki, həmin məhsulların xərci azalsın. Belə olan halda, metallurgiya sahəsində istehsal olunan yerli məhsulların xərci və qiymətinin düşməsinə səbəb olacaq. Bu isə onların rəqabət qabiliyyətinin artmasına səbəb olacaq. O baxımdan yeni qaydalar bu sahədə istehsal olunan yerli məhsulların daxili bazarda daha çox satılmasına imkan verəcək. Eyni zamanda, istehsal olunan məhsulları daha rentabelli və səməri şəkildə ixrac etmək mümkün olacaq”.
Həmsöhbətimizin sözlərinə görə, yeni qaydalar yerli istehsalın inkişafına və metallurgiya sənayesində ixrac imkanının genişlənməsinə səbəb olacaq.
Günel CƏLİLOVA