Rəşad Həsənov: “Elə sahələr var ki, orada orta aylıq nominal əməkhaqqı daha çoxdur”
2018-ci ildə pensiyaların ümumi məbləğinin indeksləşdirilərək artırılması nəzərdə tutulur. Xəbər verildiyi kimi, bunu mətbuata açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, artıq əmək pensiyalarının artırılmasının yeni mexanizmi ortaya qoyulub: “Edilmiş dəyişikliklərə görə, əmək pensiyalarının “baza hissəsi” və “sığorta hissəsi” anlayışları yoxdur. Bu anlayışlar birləşdirilib. Əmək pensiyasının artıq bütöv məbləği var və artırılma da bütöv məbləğə tətbiq olunacaq. 2018-ci ilin yanvar ayında biz Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacağıq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq. Əgər ölkə üzrə 2017-ci il ərzində orta aylıq nominal əməkhaqqının artım sürəti 7 faiz olarsa, məsələn, 250 manat məbləğində pensiya alan adamın pensiyası 250 manatın 7 faizi qədər artacaq ki, bu da 17,5 manat edir”.
Ümümilikdə, 2017-ci ildə ölkədə orta aylıq nominal əməkhaqqı nə qədər olub?
Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, rəsmi məlumata görə, 2017-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 525,4 manat olub: “Elə sahələr var ki, orada orta aylıq nominal əməkhaqqı daha çoxdur. Dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı müxtəlifdir. Yeni qanunvericiliyə görə, pensiyaların orta aylıq əməkhaqqına uyğun illik indeksasiyası həyata keçiriləcək. 2017-ci ildə əhalinin hər nəfərinə düşən orta aylıq əmək pensiyasının məbləği təxminən 209 manat proqnozlaşdırılıb. 2018-ci ildə bu göstərici 3,5 faiz arta bilər. 2018-ci ilin dövlət sosial müdafiəsinin büdcəsində orta aylıq əmək pensiyası məbləğinin 216 manata çatdırılması nəzərdə tutulub. 2017-ci ilin iyul ayının 1-dən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna görə, pensiyaların orta aylıq əməkhaqqına uyğun illik indeksasiyası həyata keçirilməlidir. Ona görə də pensiyalar indeksasiya olunacaq. Onu da nəzərə almaq lazımdır ki, həm Maliyyə Nazirliyinin, həm də Prezidentin Ehtiyat Fondu üçün 300 milyon manata yaxın vəsait nəzərdə tutulub. Böyük ehtimalla bu vəsaitlərdən də müəyyən qədər istifadə etməklə, eyni zamanda dövlət büdcəsində neftin bahalaşması hesabına daxilolmaların artmasının yaratdığı üstünlüklərdən yararlanmaqla, 2018-ci ildə müəyyən qədər orta aylıq əməkhaqlarının və pensiyaların məbləğinə dəyişiklik ediləcək. Növbəti ildə əmək pensiyaları orta hesabla 5-6 faiz artırılacaq. Əməkhaqlarının indeksasiyası, ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulan bir öhdəlik deyil. Zaman-zaman əməkhaqlarının artırılması ilə bağlı dövlət başçısı tərəfindən sərəncamlar imzalanır. Minimum əməkhaqqı məbləğinin müəyyənləşdirilməsi öhdəliyi olsa da, əməkhaqqının ümumi məbləğinin artırılması ilə bağlı indeksasiya tələbi qanunvericilikdə yoxdur. Qanunvericilikdə əmək pensiyalarının ineksasiyası inflyasiya dərəcəsinə görə aparılırdı. Ancaq yeni qanunda əmək pensiyalarının orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksasiyasının həyata keçirilməsi nəzərdə tutulub. Bu isə onu deməyə əsas verir ki, növbəti ildə əmək pensiyaları orta hesabla 5-6 faiz artırılacaq”.
Vidadi ORDAHALLI