İlqar Hüseynli: “Bütün bunların kompleks şəkildə həyata keçirilməsi imkan verəcək ki, daha çox gəncin məşğulluq problemi həll edilsin”
“2018-ci ildə “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi nəticəsində Məşğulluq Fondu formalaşacaq”. Bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən III Məzun-Karyera Sərgisinin açılışında deyib.
Nazir müavininin sözlərinə görə, fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çoxsaylı aktiv əmək proqramlarını həyata keçirməyə imkan verəcək: “Bunlara özünüməşğulluq proqramları, gənclərin subsidiyalı əməkhaqqı ilə işə qəbul edilməsi də aiddir. Artıq bizim gənclər sahəsindəki fəaliyyətimizi genişləndirmək üçün bütün maddi-texniki imkanlar var. Yeganə tələb ali təhsil müəssisələrinin, yaxud gənclərin bu kimi proqramlara maraq göstərməsidir”.
M. Kərimli açıqlamasında onu da əlavə edib ki, bu il nazirlik tərəfindən ölkənin 9 ali təhsil müəssisəsində məzun-karyera yarmarkası keçirilib. Bu yarmarkalarda tələbələrə 5000-dən çox vakant iş yeri təqdim edilib.
Məlumat üçün qeyd edək ki, bəzi dünya ölkələrində bənzər məşğulluq fondları fəaliyyət göstərir. Həmin fondlardan ayrılan vəsait hesabına əhalinin məşğulluğunu təmin etmək məqsədiylə bir sıra layihələr həyata keçirilir. Bu da işsizliyin azaldılmasında müəyyən rol oynayır. Bu baxımdan Azərbaycanda da Məşğulluq Fondunun yaradılmasına ekspertlər necə yanaşır?
Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynli Məşğulluq Fondunun yaradılmasına prinsipcə müsbət prizmadan yanaşdı: “Ümumiyyətlə, Məşğulluq Fondunun vəsaiti hesabına ölkədə həyata keçiriləcək bu kimi proqramlar sayəsində iş axtaranların işlə təmin olunması müsbət haldır. Bu sahədə problemləri olan qrupların sosial təminatlarının yaxşılaşdırılması istiqamətində atılan bütün addımları biz müsbət dəyərləndirməliyik. Ancaq bütün bunlarla yanaşı, yaxşı olardı ki, sözügedən proqramlar həyata keçirilərkən şəffaflıq təmin olunsun. Çox yaxşı olardı ki, həmin prosesin gedişində içtimai nəzarətin təşkili yüksək səviyyədə həyata keçirilsin. Bir məqamı qeyd edim ki, tibbi sığortanın tətbiqi ilə bağlı ölkənin iki rayonunda pilot layihə həyata keçirilib. Bunlar Yevlax rayonu və Mingəçevir şəhəri olub. Ancaq problem ondadır ki, həmin pilot layihələrlə bağlı cəmiyyət bir o qədər də ətraflı məlumatlandırılmayıb. Dəqiq bilmədilər ki, nə qədər insan tibbi sığortadan yararlana bilib. Yəni bütün bunlarla bağlı qaldırılan təşəbbüslər, atılan addımların hamısı normaldır. Lakin təəssüflər olsun ki, bəzən bu kimi layihələr həyata keçirilərkən ictimai nəzarət, vətəndaş cəmiyyətinin iştirakı lazımi səviyyədə təmin olunmur. Hesab edirəm ki, bütün bunlar nəzərə alınsa daha yaxşı olar. Çox yaxşı olardı ki, sosial proqramların icrasında ictimai nəzarətin gücləndirilməsinə də əməl olunsun. Məşğulluq Fondu fəaliyyətə başladıqdan sonra gənclərin işlə təmin olunmasında konkret proqramlarla çıxış etməlidir. Yəni hansı sahələrdə bununla bağlı daha yaxşı perspektiv imkanlar varsa, orada həmin layihələri həyata keçirmək daha məqsədəuyğundur. Bunun üçün də əvvəlcədən geniş araşdırmaların aparılmasına ehtiyac var. Bütün bunların kompleks şəkildə həyata keçirilməsi imkan verəcək ki, daha çox gəncin məşğulluq problemi həll edilsin. Ona görə də bu kimi məsələlərə son dərəcə diqqətlə yanaşmaq lazımdır”.
Vidadi ORDAHALLI