Rəsul Cahangirli: “Bu məqsədlə də ölkədə sistemli islahatlar həyata keçirilir”
2017-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 13 mlrd. 688,4 mln. manat vəsaitin 6 mlrd. 51,7 mln. manatı və ya 44,2 faizi qeyri-neft sektoruna sərf edilib. Bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faizartıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi sərmayənin 73,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 77 faizi məhsul istehsalı obyektlərinin, 17,1 faizi xidmət sahələri üzrə obyektlərin, 5,9 faizi isə ümumi sahəsi 1536 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 42,2 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6 faiz, bank kreditləri 12,7 faiz, büdcə vəsaitləri 14,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,8 faiz təşkil edib.
Görünən odur ki, qeyri-neft sektoruna yönəldilən sərmayə artmaqdadır. Ümumən bu tendensiyanı ekspertlər necə dəyərləndirir? Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, qeyri-neft sektoruna yönəldilən vəsaitin artması müsbət haldır: “Çünki Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi qarşıya qoyulan əsas vəzifədir. Bu məqsədlədə ölkədə sistemli islahatlar həyata keçirilir. Bunun nəticəsidir ki, 2016-cı ilin 11 ayı ilə müqayisədə cari ilin 11 ayı ərzindəki ümumi iqtisadi durum bütövlükdə pozitivdir. Demək olar ki, cari ilin ötən dövrü ərzində 2016-cı ildə baş vermiş iqtisadi geriləmələr praktik olaraq aradan qaldırılıb. Ölkə iqtisadiyyatında artım meylləri özünü göstərir. Sevindirici haldır ki, artım özünü əsasən qeyri-neft sektorunda göstərir. Təsadüfü deyil ki, bu ilin 10 ayında qeyri-neft ümumi daxili məhsulu 2,1 faiz artıb. Halbuki, ötən il ondan əvvəlki illə müqayisədə bu sektorda azalma qeydə alınmışdı. Əsas kapitala yönəldilmiş vəsaitlər 2016-cı ildə, 2015-ci illə müqayisədə 26,3 faiz azalmışdısa, bu il ərzində azalma cəmi 3 faiz təşkil edib. Hesab edirəm ki, bunun özü müsbət haldır. Digər tərəfdən, kənd təsərrüfatında istehsal həcmində 4 faizdən çox artım qeydə alınıb. Reallıq ondan ibarətdir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumətin son illər həyata keçirdiyi işlər nəticəsini göstərməyə başlayıb. Artıq iqtisadiyyatın bütün sahələr üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə irəliləyişlər var. Bu o deməkdir ki, ötənilki azalmaları aradan qaldırmaqla yanaşı, cari ili müsbət göstəricilərlə başa vura bilirik. Eyni zamanda, qeyri-neft sektorunun inkişafına yönəldilən vəsaitin artması gələcəkdə bu sektorun iqtisadiyyatın ümumi cəkisində payını artıracaq. Nəticədə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı daha çox olacaq. Bu da, öz növbəsində, neftdən asılılığı aradan qaldıracaq və iqtisadiyyatın daha dayanıqlı inkişafını təmin edəcək ki, Azərbaycan iqtisadiyyatının inkişafı buna doğru gedir”.
Vidadi ORDAHALLI