Qadir Bayramlı: “Bu sahə ilə məşğul olanların problemlərinin aradan qaldırılması kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə səbəb olacaq”
Xəbər verildiyi kimi, Kənd Təsərrüfatı Nazirliyi ilə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafına birgə dəstək verəcəklər.
Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi (AEİMM) ilə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs arasında “Kənd təsərrüfatı sahəsində informasiya məsləhət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Memoranduma əsasən, aqrar sahənin inkişafına dəstək məqsədilə kiçik və orta sahibkarlıqla məşğul olanlara dəstək göstəriləcək.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev təşkilatın əsas fəaliyyət istiqamətləri, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib, bu işlərdə Kənd Təsərrüfatı Nazirliyinin daim dəstək göstərdiyini, müvafiq qurumlar və şöbələrlə sıx əlaqələrin qurulduğunu qeyd edib. R.Elçiyev Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən quruculuq işləri, yeni qurulmuş laboratoriya və tələbə yataqxanaları ilə tanış olduqlarını nəzərə çatdırıb, birgə fəaliyyətin aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafına dəstək verəcəyini deyib.
Direktor “ABAD” publik hüquqi şəxsin ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, istehsalatda müasir texnoloji istehsal avadanlıqlarından istifadə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili kimi xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Kiçik və orta sahibkarlığın inkişafı məqsədilə onlara Kənd Təsərrüfatı Nazirliyi və ABAD publik hüquqi şəxsin birgə dəstəyi ilə yardım göstərilməsi ictimaiyyət tərəfindən müsbət dəyərləndirilir.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda sənaye və kənd təsərrüfatı sahəsində kiçik və orta şirkətlərin inkişafı yetərli səviyyədə deyil. Kiçik və orta sahibkarlığın inkişafı üçün öncə dövlət dəstəyinə böyük ehtiyac var. Həm də ucuz və uzunmüddətli kreditlərin verilməsi bu sektorun inkişaf etməsinə səbəb olacaq.
Həmsöhbətimiz hesab edir ki, kiçik və orta şirkətlərə dövlət tərəfindən dəstək olsa, onların özlərinə güvəni artar. Bu hal istehsalın həcmində də özünü göstərəcək.
Q.Bayramlı onu da əlavə etdi ki, kiçik və orta sahibkarlara fərdi şəkildə dəstək göstərilməsi çətin olacaq: “Müxtəlif təşkilatların ümumi dəstəyi onların hər hansı bir problemi daha tez şəkildə ictimailəşəcək. Yaxşı olar ki, orta və kiçik sahibkarlıqla məşğul olanlar birlik yaratsınlar. Onların hər hansı bir qurumda birləşməsi adıçəkilən sahə ilə məşğul olanların zəif tərəflərindən biridir”.
Onun fikrincə, kiçik və orta sahibkarlıqla məşğul olanların önünü açmaq lazımdır. Bu sahə ilə məşğul olanların problemlərinin aradan qaldırılması kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə səbəb olacaq”.
Q.Bayramlının sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı üçün görülən işlər müsbətdir. İşlər şəffaf və yerlərdə düzgün təşkil olunsa, bunun ölkə iqtisadiyyatına faydası olacaq.
Günel CƏLİLOVA