Rəsul Cahangirli: “Heyvandarlığın inkişafı ilə bağlı İngiltərə şirkətlərinin yaxşı təcrübəsi var”
İqtisadiyyat naziri Şahin Mustafayev Britaniya şirkətlərini kənd təsərrüfatı, turizm, nəqliyyat, logistika sahələrinə sərmayə qoymağa və Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib. Bu barədə nazir jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan Böyük Britaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Bu gün bu əlaqələr yüksək səviyyədədir və inkişaf edir. Bu inkişaf bütün sahələrə aiddir. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir, iqtisadi və humanitar sahədə əlaqələr inkişaf edir: “Hesab edirik ki, qazandığımız uğurlar əsasında gələcəkdə daha da yüksək nəticələr əldə edə bilərik. İqtisadi sahədə əsas uğurlarımız neft-qaz sahəsində əldə olunub. Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkədir. Bu sərmayələrin həcmi 27 milyard dollardan çoxdur. Digər sahələrdə də Britaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Ölkəmizdə 500-dən çox Britaniya investisiyalı şirkət var. Bu gün biz qeyri-neft sektoruna Britaniya şirkətlərinin cəlb olunmasını əsas vəzifə hesab edirik. İstəyirik ki, qazanılmış uğurlar əsasında iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycan hökumətinin apardığı siyasətə uyğun olaraq xarici investisiyalı şirkətlərin, bu halda Britaniya şirkətlərinin cəlb olunmasını sürətləndirək. Bu baxımdan sənayenin bir sıra istiqamətləri maraqlıdır. Britaniya şirkətlərini kənd təsərrüfatı, turizm, nəqliyyat, logistika sahələrinə sərmayə qoymağa və Azərbaycanda fəaliyyət göstərməyə dəvət edirik”.
Ümumilikdə, Böyük Britaniya şirkətlərinin kənd təsərrüfatı, turizm, nəqliyyat sahələrinə sərmayə qoyma imkanlarını ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, belə bir çağırışın Azərbaycan tərəfindən səslənməsi tamamilə yerində olan bir təklifdir: “Məsələ ondadır ki, Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoyan dövlət olsa da, onun böyük hissəsi neft və qaz sektoruna yönəldilib. Hesab edirəm ki, bu sahəyə yetərincə investisiya qoyulub. Bu gün ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet sahə elan olunub. Biz elə etməliyik ki, bu sahəyə daha çox xarici sərmayənin cəlb edilməsi mümkün olsun. Təkcə daxili resurslar hesabına qeyri-neft sektorunu inkişaf etdirmək yetərli deyil. Böyük Britaniya şirkətləri kənd təsərrüfatının bir sıra sahələrinə sərmayə qoya bilərlər. Məsələn, heyvandarlığın inkişafı ilə bağlı İngiltərə şirkətlərinin yaxşı təcrübəsi var. Nəzərə alsaq ki, Azərbaycan ət və ət məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına təmin edə bilmir, o baxımdan bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə ciddi ehtiyac var. Fikrimcə, bu istiqamətdə danışıqlar genişləndirilməli və Böyük Britaniya təcrübəsi öyrənilməlidir. Bu son dərəcə vacib məsələdir. Digər tərəfdən, İngiltərənin gəmiçilik sahəsində olan imkanları sənayenin bu sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. O üzdən, yeni dəniz limanlarının tikintisində Böyük Britaniya şirkətləri yaxından iştirak edə bilərlər. Sənayenin digər sahələrinə də ingilis kapitalını yönəltmək olar. Sadəcə, bununla bağlı birgə araşdırmaların aparılmasına ehtiyac var”.
Vidadi ORDAHALLI