İlqar Hüseynli: “Nəzərə almaq lazımdır ki, veteran müavinəti əlavə bir hüquq olaraq qazilərə verilən maddi yardımdır”
Azərbaycanda müharibə veteranı statusu olan şəxslərə 2002-ci ildən etibarən kommunal, nəqliyyat xərcləri üzrə güzəştlərin əvəzinə aylıq müavinət verilir. Bu müavinətin verilməsi müharibə veteranlarının sosial müdafiəsinə yönəldilib və dövlətin həmin kateqoriyadan olan vətəndaşlara qayğısını əks etdirir. Qeyd edək ki, veteran müavinəti xüsusi müavinət növüdür. Yəni, işləyib-işləməməsindən asılı olmayaraq, onun bütün müharibə veteranlarına verilməsi təyinatı üzrə müəyyən olunub.
Son illər müharibə veteranı müavinətinin məbləği dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq bir neçə dəfə artırılıb. Hazırda bu məbləğ 45 manat təşkil edir.
2012-ci ildən etibarən müharibə veteranlarının bir qrupu veteran müavinətini ala bilmirlər. Söhbət əmək pensiyası alan müharibə veteranlarından gedir. Problemin mahiyyətini araşdırdıqda ziddiyyətli məqamlar ortaya çıxır. Aydın olmayan əsas məsələ odur ki, əmək pensiyası alan və almayan müharibə veteranlarına müavinətin ödənilməsində fərq qoyulur. Dövlət Sosial Müdafiə Fondu əmək pensiyası alan müharibə veteranlarına veteran müavinətinin verilməsindən imtina edir. DSMF bu addımının “Sosial müavinətlər haqqında” 07.02.2006-cı il tarixli Qanunun tələblərindən irəli gəldiyini bildirir. Belə ki, həmin qanunun 7.0.6-cı və 11.1.5-ci maddələri əmək pensiyası almaq hüququ olan şəxslərin kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlə təmin olunmasını istisna edir.
Bütün hallarda, müharibə veteranları əmək pensiyasına çıxarkən veteran müavinətinin kəsilməsi nə dərəcədə doğrudur?
Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərənə görə, veteran statusunda olan şəxslərin pensiyaya çıxandan sonra müavinətdən məhrum olması sosial ədalət baxımından doğru deyil: “Nəzərə almaq lazımdır ki, Qarabağ qaziləri Vətən uğrunda, Azərbaycanın ərazi bütövlüyü naminə mübarizə apararkən müxtəlif dərəcəli xəsarət alan insanlardır. Veteran müavinəti əlavə bir hüquq olaraq qazilərə verilən maddi yardımdır. Müqayisə aparsaq görərik ki, kimsə Prezident təqaüdü alırsa, pensiyaya çıxandan sonra həmin təqaüddən məhrum olmur. Yəni həmin təqaüdlər kəsilmir. Düzdür, Prezident təqaüdü alanların sayı elə də çox deyil. Ancaq söhbət Qarabağ veteranlarından getdiyi üçün, bu məsələyə mümkün qədər həssas yanaşmaq lazımdır. Bu mənada yaxşı olardı ki, Qarabağ veteranları əmək pensiyası alarkən həmin müavinətdən məhrum olmasınlar. Veteranlara verilən müavinətin kəsilməsinə imkan verilməsin. Hətta təklif edərdim ki, bunun məbləği bir az da artırılsın. Bu müavinətin azaldılması və yaxud da birdəfəlik kəsilməsi doğru addım deyil. Bu baxımdan hesab edirəm ki, sözügedən məsələyə yenidən baxılmalı və Qarabağ veteranları pensiya almaqla yanaşı, müavinət də almalıdırlar”.
Vidadi ORDAHALLI