Əli Əlirzayev: “Xarici valyuta ilə banklararası kreditin bahalaşmasının səbəbi dollara olan tələbatdır” Ruslan Atakişiyev: “Xarici valyuta ilə kreditə yüksək ehtiyac olduğu təqdirdə kreditlərin faiz dərəcəsində artım qeydə alınır”
Azərbaycanda manatla ayrılan banklararası kreditlərin ucuzlaşması 2017-ci ilin oktyabr ayında da davam edib. Ancaq banklararası dollar kreditləri bahalaşır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında bildirilir.
Məlumat üçün qeyd edək ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi oktyabrda daha 0,47 faiz bəndi azalaraq noyabrın 1-nə illik 7,94 % təşkil edib. Xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 0,25 faiz bəndi artaraq 9,97 %-dən 10,22 %-ə yüksəlib.
Qeyd edək ki, 2017-ci il yanvarın 1-nə manatla banklararası kreditlər üzrə orta faiz dərəcəsi 10,86 %, xarici valyutada banklararası kreditlər üzrə isə 5,42 % təşkil edib.
Banklararası dollar kreditlərinin bahalaşmasının səbəbləri barədə danışan iqtisadçı-ekspert Əli Əlirzayev bizimlə söhbətində qeyd etdi ki, bunun səbəbi dollara olan tələbatdır. Bu gün dollara ehtiyac yüksək səviyyədədir. Hazırda ölkəyə dollar az gətirilir: “Əsasən neft və qeyri-neft sektorunun bəzi sahələri üzrə dollarin ölkəyə daxil olması baş verir. Qeyri-neft sektorundan kənd təsərrüfatı məhsulları hesabına ölkəyə dollar gəlişinin şahidi oluruq”.
İqtisadçının sözlərinin görə, banklararası dollar kreditlərinin bahalaşması bazarın tələbatından asılı olaraq dəyişir. Həmsöhbətimiz onu da vurğuladı ki, dollara tələbat yüksək olarsa, onun qiymətində də dəyişiklik baş verə bilər.
İqtisadçı Ruslan Atakişiyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, xarici valyuta ilə kreditə yüksək ehtiyac olduğu təqdirdə kreditlərin faiz dərəcəsində artım qeydə alınır.
Həmsöhbətimiz onu da vurğuladı ki, son zamanlar maliyyə bazarında risqlərin artması səbəbi ilə kreditlərin əldə olunması çətinləşib: “Həmçinin, əhalinin banklara yatırdığı əmanətlərin həcminin azalması bu sahəyə öz təsirini göstərir. Banklar digər mənbələrdən vəsait cəlb etməsi üçün müəyyən işlər görürlər. Vəsaitlərin az olması bankların bir-birinə kredit verməsi prosesini də çətinləşdirir. Belə olan halda, banklararası kredit bahalaşır”.
Günel CƏLİLOVA